Translate

13 Şubat 2012 Pazartesi

TAKSİMDƏKİ XOCALI YÜRÜŞÜNÜN TƏŞKİLATÇISI DANIŞDI



Hanifi Çakır: “Azərbaycan hökuməti bizə dəstək versə, ortaya daha mükəmməl iş qoyarıq” 

 “Bütün Türkiyə hazırda fevralın 26-da İstanbulun məşhur Taksim meydanında keçiriləcək yürüşə hazırlaşır”. Bu məlumatı “Yeni Müsavat”a Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvü, Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin İstanbul təmsilçisi Hanifi Çakır verdi.

 H.Çakır bildirdi ki, fevralın 2-də dərnəyin başqanı Cəlal Öcal və özü İstanbulun Bəyoğlu rayon bələdiyyəsinə müraciət edərək Qalatasaray və Taksim meydanları arasında Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə yürüş keçirəcəklərini bildiriblər: “Bələdiyyə və Bəyoğlu hüquq-mühafizə orqanları müraciətimizə ”yox" cavabı vermədi. Fevralın 26-da saat 14:30-dan 15:30-ə qədərki müddətdə dediyimiz ərazidə yürüş edəcəyik. Bununla yanaşı Taksim meydanında mətbuat konfransı da keçiriləcək. Bu yürüşü keçirməkdə məqsədimiz Xocalı qurbanlarının xatirəsini anmaq, eləcə də ölkəmizin əleyhinə Fransada və digər ölkələrdə qəbul etdirilməsi nəzərdə tutulan yalançı “erməni soyqırımı”na etiraz etməkdir".
 H.Çakır bildirdi ki, Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək bu yürüşə Türkiyə Cümhuriyyətinin iqtidar və müxalifət təşkilatları, o cümlədən ölkənin aparıcı dərnəkləri və qeyri-hökumət təşkilatları da dəstək verəcək. MHP üzvü onu da bildirdi ki, aksiyaya dəstək verəcək təşkilatlar arasında “Mövzu vətəndirsə - gerisi təfərrüat” qrupu, “Şərqi Türküstan” gənclər dərnəyi, “Göy börü” Turançılar Birliyi, Ülkü ocaqları, Türk ocaqları, Alperenler, AKP, MHP və CHP-nin gənclər təşkilatları, “Aydınlıq” gənclər təşkilatı, Kuvayi-Milliye Hərəkatı, “İraq Türkmənləri” İnsan Haqları ocağı, Əfqanıstan Gəncləri Təşkilatı, Krım dərnəkləri, Suriya Türkləri Təşkilatı, Qərbi Trakiya Gənclər Təşkilatı, Rumeli Türk Birliyi Federasiyası, Prizren Gənclər Təşkilatı, Kipr Türk Kültür Dərnəyi, Atsızlar qrupu, Aydınlar Ocağı, Hoca Əhməd Yasevi Elm və İrfan Vəqfi də var: “Adlarını çəkdiyim təşkilatlar yürüşü dəstəkləyəcək təşkilatların hələ beşdə biridir”.
 H.Çakır bildirdi ki, yürüşdən reportaj hazırlamaq üçün ABŞ, İngiltərə, Almaniya, Hollandiya və digər Qərb ölkələrinin tanınmış telekanalları onlara müraciət ediblər. Yürüşlə bağlı proqram artıq hazırlanır: “Biz Xocalı qətlini canlandıran teatr səhnələri də qurmaq istəyirik. Bunun üçün Azərbaycan hökumətinin dəstəyi lazımdır. Bizə dəstək versələr, ortaya daha mükəmməl bir iş qoymuş olarıq. Hazırda yürüşə hazırlıq işləri gedir. Türkiyədə 5-6 milyon azərbaycanlı yaşayır. Amma onlar təşkilatlanmayıblar. Onlardan aksiyamıza qatılanlar olacaq. Amma təşkilatlanmış böyük bir qurum olsa, Türkiyədə erməni yönümlü təşkilatların aksiyalarını kölgə altına ala bilərlər. Ermənilərin Türkiyədə 276 xeyriyyə cəmiyyəti, 300 ibtidai sinif məktəbi, Azərbaycanın isə Türkiyədə bircə səfirliyi var. Düşünürük ki, Azərbaycan tərəfi bu məsələdə ortaya iradə və mövqe qoymalıdır”.

Leyla İLQAR

2 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyinin İstanbul təmsilçisi Hanifi Çakır bildirib ki, Qalatasaray və Taksim meydanları arasında Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə yürüş keçirəcəklər. Bu aksiyaya Türkiyə Cümhuriyyətinin iqtidar və müxalifət təşkilatları, o cümlədən ölkənin aparıcı dərnəkləri və qeyri-hökumət təşkilatları da dəstək verəcəklər.

Adil Irshadoqlu - Aliyev dedi ki...

Təşəkkürlər TÜRKİYƏ, təşəkkürlər.