Translate

7 Şubat 2012 Salı

Elmə həsr olunmuş ömür



  Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri Adil Əli oğlu Məmmədovun adı respublikanın elmi ictimaiyyətinə yaxşı tanışdır. A.Məmmədov 1929-cu il dekabrın 2-də Ağdam rayonunun Seyidli kəndində (Süleyman Sani Axundovun ev-muzeyinin yerləşdiyi binada) anadan olmuşdur. Qeyd edək ki, dövrünün görkəmli ədibi və pedaqoqu S.S.Axundov Adil Məmmədovun atasının dayısı idi. 1930-cu ildə ailələri Bakı şəhərinə köçdükdən sonra o, 3 saylı orta məktəbdə oxumuşdur. 1945-1947-ci illərdə Bakı Xalq Maarif Şöbəsinin nəzdindəki Pedaqoji Texnikumda təhsilini davam etdirmişdir. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirmiş və respublika Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsində işləmişdir. 1953-cü ilin yanvarından Azərbaycan EA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinə kiçik elmi işçi qəbul olunmuş, 1954-1957-ci illərdə həmin şöbə üzrə aspiranturada təhsil almışdır. Adil Məmmədov 1961-ci ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 2004-ci ildə ona «Vətən tarixi» ixtisası üzrə professor elmi adı verilmişdir. 29 il institutda böyük elmi işçi vəzifəsində çalışan Adil Məmmədov sonra 4 il Azərbaycan EA-nın SSRİ Xalqlar Dostluğu Respublika sarayının direktoru olmuşdur. 1989-cu ildən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda «Azərbaycanın ən yeni dövr tarixi (1920- 1941-ci illər)», hazırda «Azərbaycanın sovet dövrü tarixi» şöbəsinin müdiri vəzifəsində işləyir. Professorun elmi yaradıcılığının mühüm istiqamətlərindən birini Azərbaycan sənayesi və fəhlə sinfinin tarixi problemi təşkil edir. O, 1941-1945-ci illər müharibəsinə qədərki dövrdə neft sənayesinin inkişafına, Azərbaycanın qabaqcıl sənaye respublikasına cevrilməsinə, Gəncə, Şəki və digər yeni sənaye rayonlarının yaranmasına, burada fəhlə sinfinin formalaşmasına, onun cəmiyyət həyatında aparıcı roluna, ölkənin şərq rayonlarında yeni neft mərkəzlərinin yaradılmasına həsr olunmuş sanballı əsərlərin müəllifidir. Alimin XX əsrin 20-ci illərində ölkənin beynəlxalq ticarət əlaqələrində Bakı yarmarkalarının roluna, dövrümüzdə xüsusi aktuallıq kəsb edən Böyük İpək yolu, Azərbaycan ipəyinin tarixi ilə bağlı məqalələri elmi dəyərinə görə daha çox diqqəti cəlb edir. 1918-1920-ci illərdə Bakı əhalisinin milli tərkibi və bu amilin Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda rolu məsələsinin tədqiqi xüsusi əhəmiyyət daşıyır. Adil Məmmədov hazırda da bu sahədə öz elmi araşdırmalarını davam etdirir. Onun tədqiqatlarında XX əsrin 20-30-cu illərində Naxçıvan MSSR-in ərazi problemləri və sənayesinin inkişafı məsələlərinə də xüsusi diqqət göstərilmişdir. A.Məmmədov 70-dən artıq elmi əsərin müəllifidir. O, «Azərbaycan tarixi"nin 3-cü cildinin I hissəsinin (Bakı, 1963) hazırlanmasında müəllif kimi iştirak etmiş, «Azərbaycan SSR fəhlə sinfinin tarixi oçerkləri» (1917-1940) kitabının (Bakı, 1974) redaksiya heyətinin üzvü və əsas müəllifidir. 1975-ci ildə onun «Azərbaycanda Staxanov hərəkatı» kitabçası nəşr olunmuşdur. A.Məmmədov 1994-cü ildə çap olunmuş «Gəncə (tarixi ocerk)» kitabının redaksiya heyətinin üzvü və əsas müəlliflərindən biri, «Azərbaycan tarixi» yeddi cildliyinin Baş Redaksiya Şurasının üzvü, VI cildin (aprel 1920 - iyun 1941) (Bakı, Elm, 2000) məsul redaktor müavini, əsas müəlliflərindən biri, «Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər» (Bakı, Nurlan, 2003, rus, ingilis dillərində), «Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması və elmi ziyalı kadrların formalaşması yollarında (1920-1945-ci illər)» (Bakı, Nurlan, 2005), «Azərbaycan xalqının əlifbasının inkişafı yollarında mühüm mərhələ» (Bakı, Təhsil, 2006, rus dilində) kitablarının müəlliflərindəndir. A.Məmmədov bir sıra beynəlxalq simpozium və konfranslarda tarix elmimizi yüksək səviyyədə təmsil etmişdir. Alim 1972-ci ildə Moskvada «SSRİ fəhlə sinfinin və sənayesinin inkişafı», 1978-ci ildə Tbilisidə «Sosializim quruculuğu dövründə SSRİ-də çoxmillətli fəhlə sinfinin təşəkkülü və inkişafı» problemlərinə həsr olunmuş ümumittifaq konfranslarda məruzələrlə çıxışlar etmişdir. A.Məmmədov müxtəlif elmi tədqiqatlarla bağlı keçirilən konfrans və simpoziumların əksəriyyətində maraqlı məruzələrlə çıxış etmişdir. O, 1995-ci ilin noyabrında keçirilən «Azərbaycan beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələrdə» adlı ikinci Bakı beynəlxalq simpoziumunda «20-30-cu illərdə Azərbaycanın digər respublikalarda neft rayonlarının yaranması və inkişafında rolu» mövzusunda məruzə etmişdir. Bu konfrans və simpoziumlarda edilən məruzələrin mətnləri nəşr olunmuşdur. Adil Məmmədov tarixçi kadrların hazırlanmasında da xüsusi səy göstərir. O, aspirant və dissertantlara rəhbərlik edir, dissertasiya müdafiələrində opponent olur. Bakı Dövlət Universitetinin tarix fakültəsinin keçirdiyi tədbirlərdə xüsusi fəallıq göstərir. Alimin ixtisaslı tarixçi kadrların hazırlanmasında misilsiz xidmətləri var. Onun rəhbərlik etdiyi alimlərdən bir nəfəri doktorluq, 9 nəfəri isə namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda professor 3 aspirantın və 4 dissertantın elmi rəhbəridir. Alim A.Məmmədov 1994-cü ildən BDU-nun tarix fakültəsinin bakalavr buraxılışı üzrə dövlət imtahan komissiyasına sədrlik edir. Hazırda o, həm də müəllim kimi fəaliyyət göstərir, «Qədim dünya və orta əsrlər tarixi» kafedrasında işləyir. 1997-ci ildən BDU-nun «Tarix və onun problemləri» jurnalının redaksiya heyətinin, 1993-cü ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının «Tarix və siyası elmlər» üzrə ekspert şurasının üzvüdür. Hazırda Adil Məmmədov tarix elminin nailiyyətlərinin təbliği sahəsində fəal iş aparır. Onun dövri mətbuat səhifələrində müntəzəm olaraq Azərbaycanın sosial-iqtisadi inkişafı məsələlərinə həsr edilmiş məqalələri nəşr olunur. Tanınmış alim 56 ildir ki, AMEA-nın Tarix İnstitutunda çalışır. O, görkəmli tədqiqatçı olmaqla bərabər, təşkilatçılıq qabiliyyətilə də fərqlənir. Adil müəllim uzun illər institutun partiya bürosunun katibi, yerli komitənin sədri olmuş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. A.Məmmədov Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən milli problemlər üzrə Elmi Şuranın, respublika «Bilik» Cəmiyyəti idarə heyətinin üzvü, Azərbaycan Sovet Ensiklopediyasının məsləhətçisi olmuşdur. O, dəfələrlə elm sahəsindəki xidmətlərinə görə AMEA-nın Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. A.Məmmədovun təvazökarlığı, səmimiliyi, mehribanlığı, xeyirxahlığı, qayğıkeşliyi ona həmkarlarının və bütün kollektivin dərin hörmətini və hüsn-rəğbətini qazandırmışdır. Tanınmış alimin bu gün də çox maraqlı yaradıcılıq planları var. Ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.


Y.Mahmudov, A.Bakıxanov adına Tarix İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü
Mənbə: "Azərbaycan" qəzeti, 2 dekabr 2009-cu il.

1 yorum:

Adil Irshadoqlu - Aliyev dedi ki...

Ağdamın süqutu 1993-cü il iyulun 23-də başa çatdı. Ermənilər Ağdam rayonunun 77,4 faizini işğal edib və bu gün də işğal altında saxlayırlar. Hazırda Ağdam şəhəri və rayonun 80 kəndi erməni işğalı altındadır. Erməni təcavüzü nəticəsində rayona 13 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib. Ağdam həm də erməni təcavüzkarları ilə döyüşlərdə ən çox şəhid verən bölgələrdəndir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən artıq insan şəhid olub.