Translate

30 Aralık 2012 Pazar

VƏFA QULUZADƏDƏN RUSİYA BARƏDƏ ŞOK İDDİA


"Milyarderlər ittifaqı”nın rəhbəri Abbas Abbasovun prezident İlham Əliyevlə görüşündən sonra Rusiya-Azərbaycan münasibətlərindəki problemlərin aradan qalxacağı barədə ümidlər özünü doğrultmadı. Bakı ilə Moskva arasındakı gərginliyin artdığı barədə yeni məlumatların yayılması da buna sübutdur. 2013-cü ilin yayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycanla bağlı plan hazırlığına dair informasiyalar mətbuata da sızıb.

Rusiyada əllərində sanballı biznesi olan və siyasi elitada əlaqələrə malik iş adamları arasında yayılan şayiələrə görə, gələn ilin yayında Putin Azərbaycanda hakimiyyət dəyişikliyi planını işə salmağa hazırlaşır. Digər məlumata görə, Rusiyadan son vaxtlar azərbaycanlıların deportasiyası halları daha da artıb. Hakimiyyət düşərgəsindən gələn bilgilər də təsdiq edir ki, iqtidar daxilində Rusiya ilə bağlı ciddi narahatlıqlar hökm sürür. Bəs, Rusiya Azərbaycan hakimiyyətini dəyişə bilərmi?

Sabiq dövlət müşaviri Vəfa Quluzadə yayılan xəbərlərə ciddi yanaşmağın tərəfdarıdır: “Bu xəbərlər olmasa da, biz Rusiyanın niyyətlərini bilirik. Rusiya imperiyanı bərpa etmək, Gömrük İttifaqını formalaşdırmaq, Avrasiya İttifaqı yaratmaq kimi planlar qurub. Ancaq mən hesab edirəm ki, Rusiyanın nə bu ittifaqları formalaşdırması, nə də Azərbaycanda hakimiyyəti yıxması mümkün olacaq. Çünki Putin də özbaşına deyil, ondan da böyük və güclü qüvvələr var. Bununla belə, Azərbaycan özünü hər bir təxribatlardan müdafiə etməyə qadirdir”. V.Quluzadə hesab edir ki, bu cür şayiələrin yayılması psixoloji müharibənin bir hissəsidir: “Gərək biz bu mərhələdə əsəblərimizi soyuq saxlayıb hər cür situasiyaya hazırlıqlı olaq. Moskva şimaldan Azərbaycana qarşı əsgəri müdaxilə edə bilməz. O ki qaldı Qarabağ müharibəsinin yenidən başlanmasına, ermənilər bu məsələ ilə bağlı Qərbə baxır. Onlar Putinin sözü ilə Azərbaycanın gücünü bildikləri halda yenidən müharibəyə başlamaz”.

Rusiyanın ölkədəki azərbaycanlı miqrantları ölkədən çıxarması planına gəldikdə, sabiq dövlət müşaviri bu məsələdə həssas olmağa çağırdı və ciddi məsələyə toxundu: “Mümkündür ki, 300-500 azərbaycanlı çıxarılsın. Ancaq biz onları qəbul edərkən çox ehtiyatlı olmalıyıq. Araşdırmalıyıq ki, bunlar kimdir: Moskva tərəfindən hazırlanmış xüsusi təyinatlılardır, yoxsa doğrudan da sadə miqrantlar. Ola bilər ki, Rusiyanın hazırladığı xüsusi qruplar miqrant adı ilə xüsusi təyinatlı döyüşçü kimi bura gəlsinlər, terrorla məşğul olsunlar. O cür adamları yoxlayıb öyrənmək üçün xüsusi düşərgə yaratmaq lazımdır. Bizim regiondakı vəziyyətimiz xüsusi xidmət orqanlarını məcbur edir ki, bu cür hadisələrin hamısı üzərində ciddi düşünsünlər və əvvəldən qabaqlayıcı tədbirlər görsünlər. Özü də bu məsələlər gərək şəxsən prezidentin nəzarəti altında olsun. Prezident gərək hər gün nə iş görülübsə, onlarla şəxsən maraqlansın”.

Politoloq şimaldan gələn bütün informasiyalara həssas olmağı məsləhət görür: “Fakt budur ki, Rusiya imperiya olaraq qalır, demokratik dövlətə çevrilməyib və SSRİ-nin bərpası haqqında düşünür. Biz də öz müstəqilliyimizin qorunması haqqında çox ciddi düşünməliyik”.

E.PAŞASOY

27 Aralık 2012 Perşembe

Famil Mehdinin oğlu: “Nazir Vaqif Novruzovun o sözündən sonra atam durub Milli Məclisə getdi...”

Böyük ziyalınnın iş otağında olarkən...

Bakı Dövlət Universitetində oxuduğum zaman birinci kursun ilk günləri idi. Hər gün yeni-yeni müəllimlərlə tanışlığımız bizlərdə fərqli təəssüratlar yaradırdı. Demək olar ki, günaşırı fakültə dəhlizində gördüyüm və adını hələ bilmədiyim nurani professora gözüm o qədər öyrəşmişdi ki, qeyri-ixtiyari tənəffüs vaxtı onun kafedraya keçməsini izləyirdim. Sentyabrın sonlarında isə fakültəyə yayılan qəfil xəbər onu tanıyanları, tələbələri və həmkarlarını kədərləndirdi: Jurnalistlərin qocaman və sevimli müəllimi Famil Mehdi dünyasını dəyişib.

Yuxarı kurs tələbələrinin onun barəsindəki söhbətlərindən sonra bircə şeyə təəssüf etdim: heyf ki, Famil müəllim 1054-cü qrupun auditoriyasına daxil ola bilmədi.

Modern.az saytı tanınmış və dünyadan köçmüş yaradıcı insanların iş otağından reportaj-layihəni davam etdirir. Bu dəfə sizləri məhrum professor, BDU-nun Jurnalistika fakültəsinin nəzəriyyə və təcrübə kafedrasının müdiri və böyük jurnalist ordusunun müəllimi olmuş Famil Mehdinin iş otağı ilə tanış edirik...

Kiçik, ancaq xudmani iş otağındakı rəflər boyu kitablar səliqə ilə düzülmüşdü. Nəvələri ilə çəkdirdiyi şəkillər, eynəyi, stolun üstündəki vaxtı durmuş saat da Famil müəllimin qoyub getdiyi kimidir.


“Saat işləyirdi, arada qursam da, indi nədənsə dayanıb”-deyən ömür-gün yoldaşı Ofelya xanım bizimlə söhbətə başlayır.

O, söhbət etdikcə Famil müəllimin portreti canlanırdı gözümdə. Hamının təmkinli, sakit təbiətli, eləcə də ürəyi Vətənə bağlı bir ziyalı kimi tanıdığı bu şəxsiyyatın görünməyən tərəfləri barədə yaxınlarından - ömür-gün yoldaşı Ofelya xanımdan və oğlu Şamil Mehdidən eşidirəm.

Hər bir yazar kimi kitablar onun üçün də çox əziz olub. Ofelya xanım deyir ki, nəyi tapşırmasa da, otağı səliqəyə salanda Famil müəllim bircə söz xahiş edərmiş: “Kitablarımla işiniz olmasın, Xahiş edirəm, onları tərpətməyin...”.

1934-cü ildə Ağdamın Sarıcalı kəndində dünyaya göz açan Famil Mehdi bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı rayon qəzetində çıxan ilk şeri ilə başlayıb. Bu hadisədən sonra onun mətbuatla əlaqələri daha sıxlaşıb. Publisistik yazılarla çıxış etməyə, şeirlər yazmağa başlayıb.

Famil müəllimin oğlu da söhbətimizə qoşulur. Deyir ki, atası heç vaxt yazılarını və şeirlərini heç kimə, hətta onlara da göstərməyi xoşlamazmış. Kitablarını isə kim dərindən maraqlansa, ona imzalayıb verərmiş.
“Şöhrətpərəst adam deyildi, belə şeylərə fikir verməyib. Nəyi var idi, ona qane olan insan idi. Ədaləti, düzgünlüyü sevirdi”.

Şamil bəyin sözlərinə görə, indi atasının kitablarının bir hissəsi iş otağında olsa da, digər kitab və əlyazmaları otağa yerləşmədiyindən ayrı yerdə qorunub saxlanılır. Şamil bəyin danışıqlarından belə məlum olur ki, vaxtilə evləri daim qonaqlı-qaralı olub. Hətta Famil müəllimin mehribanlığı və onun insanlığından, hamıya əl tutmaq istəyindən idi ki, qohum-tanışlar daim ona müraciət edərmişlər. Ağdamdan gəlib instituta qəbul olanların Famil müəllimgildə qaldığı o qədər vaxtlar olub ki...

“Bir də görürdün ki, səhər erkən qapımız döyüldü. Bilirdik ki, rayondan gələn qohumlardandı. Elə olurdu ki, rayondan gəlib Bakıda oxuyan uşaqlar da bizdə qalırdı. Atam heç vaxt onları bizdən ayırmazdı. Eynilə öz evinin uşaqları kimi yanaşardı”.

Onun xeyirxahlığı, gənclərə mənəvi dəstəyi, əsl müəllim kimi peşəsinin vurğunu olması gənclər arasında ona xüsusi sevgi və sayğı yaratmışdı.
”Hətta elə anlar olurdu ki, o, tələbələrin bu mehribanlığına sevinsə də, onları xatırlamırdı. Küçədə gedəndə görürdün ki, bir nəfər onu qucaqlayıb hal-əhval tutur, tələbəsi olduğunu deyirdi. “Müəllim, nə lazım olsa, deyin”. Soruşurdum ki, ata, bu kimdir? Gülümsünüb çiynini çəkirdi, deyirdi ki, xatırlamıram. Nə vaxtsa, dərs deyib. İndi həmin tələbələr müxtəlif vəzifələrdə işləyirlər”-deyə Şamil Mehdi gülümsünərək söhbətə davam edir.

“Bu əsəri illərlə senzuradan keçmədi...”


Hamı bilir ki, Famil Mehdi istər sovet dönəmində, istərsə də müstəqillik illərində daim həqiqəti və doğrunu tanıtmağa və müdafiə etməyə çalışıb. Onun üçün həyat kredosu bu idi. Odur ki, yazdığı “İnsan unudulmur” əsərininin əks-səda doğurması, senzuradan keçməməsi belə, onu bir yazar, qələm sahibi kimi ruhdan sala bilməmişdi. Əsərdə sovet dövrünün kolxoz quruculuğunda baş verən qanunsuzluqlar təsvir edilib. Sonda haqq-ədalətin qələbə qazanması ilə əsər tamamlanır.

“Uzun müddət bu əsər senzuradan keçmədi. İllərlə stol üstündə qaldı. Atamı sorğu-sual etdilər. Sonra bir sıra ixtisar və düzəlişlər edilərək nəşrinə icazə verildi. Əsərin axırında məzmun belə idi, on nəfər Lenin kimi adam olsa, bu ölkə düzələr. Anlayan adam üçün bu sözlərin mənası böyük idi”-deyə mərhum ziyalının oğlu bildirir.

“Bəzi ziyalıların zənginə cavab vermirdi...”

Famil Mehdinin dövrünün tanınmış ziyalıları, şairləri ilə yaxın dostluq münasibətləri olub. Tanınmış yazarlardan Məmməd Araz daim bu evin sevimli qonağı olub. Yenə də Şamil Mehdini dinləyək:
“Çox yaxşı münasibətləri vardı. Oturub danışar, gəzintiyə çıxardılar. Məmməd Araz atamla Yasamal gölünə gedirdi...”.

- Bəs, Famil müəllim ayrı kimlərlə dostluq edirdi?


- Dostluq etdiyi yazarlar, şairlər çox idi. Tofiq Bayramla dostluq edirdi, Əlibala Hacızadə ilə həmişə zəngləşirdilər. Süleyman Vəliyevlə hər gün zəngləşib dərdləşirdilər. Mirzə İbrahimovu daim ağsaqqal hesab edib. Mirzə müəllim həm də onun elmi rəhbəri olmuşdu. Famil müəllim hiss edəndə ki, hansısa gəncin qabında nəsə var, onunla maraqlanır, yol göstərirdi. Hətta bu gəncləri evə çağırdığı, süfrəyə dəvət elədiyi vaxtlar olurdu...

- Famil müəllim nəylə razılaşmırdı?

- Elə yazarlar vardı ki, onların cəmiyyətdəki mövqeyini birdən-birə dəyişməsi atama xoş gəlmirdi. Bu da istər-istəməz münasibətlərə təsir edirdi. Bu cür ziyalılar evə zəng edəndə, atam deyirdi ki, “deyin xəstəyəm, məşğulam”. Danışmaq istəmirdi...

Mirzə İbrahimovun toy hədiyyəsi: “Əzizim Famil Mehdiyə... ”

Stolun üstündəki qara rəngli albom diqqətimi cəlb edir. Ofelya xanım albomu əlinə alıb xəyalən də olsa, cavanlıq illərinə qaydır.

- Bu fotoalbomu Mirzə İbrahimov toy günümüzə hədiyyə etmişdi. Hələ də əziz hədiyyə kimi saxlayıram. İçində şəkillər də qoymuşdum. Ancaq uşaqlar tez-tez çıxarırdı. Odur ki, şəkilləri çıxartdım. Familin Mirzə İbrahimovla münasibətləri çox yaxşı idi.

- Ofelya xanım, yaradıcı insanla ailə quranlar istər-istəməz ona fərqli yanaşmalı olurlar. Sizin üçün Famil bəyi anlamaq və dəstək olmaq çətin deyildi ki?


- Biz evlənəndə Famil aspirant idi, 70 manat təqaüd alırdı. Çalışırdım ki, ona dəstək olum. Şərait yaradım ki, yaradıcılığı ilə məşğul ola bilsin. Açığı, elə şəraitimiz də olmayıb. Dizimin üstündə onun yazılarını yazdığım vaxtlar olub. Ailəmizdə qəfil bir-birinin ardınca bizi kədərləndirən hadisələr oldu. O vaxt atası ağır xəstə idi. Bakıda müalicə alırdı, sonra rəhmətə getdi. Mənim atam bizə qonaq gəldi, qəfil rəhmətə getdi. Bütün bunlar ona pis təsir edirdi. Ürəyi ağrıyırdı. Atasının qırxı ərəfəsinə aspirantura müdafiəsi təyin edilmişdi. Həkimlər məsləhət gördü ki, sağlamlığına fikir versin. Odur ki, müadifə zamanı onun çıxışını şair Xəlil Rza oxudu. Hamı başa düşürdü ki, vəziyyət nə yerdədir.

- Sizə şeir yazıb heç?

- Bilmirəm, birbaşa olmasa da, ithaf elədiyi şeirlər olub. Şeirləri çoxdur.

Ofelya xanım deyir ki, Famil müəllim tələbələrinə dərindən bağlı insan olub. Hətta onun tələbə ilə münasibətləri müəllim-tələbədən çox ata-bala münasibətinə bənzəyirmiş. Kimin nə sıxıntısı, problemi olsa, ona üz tutarmış. İş o yerə çatırmış ki, hətta həmin gənclərin toyu, elçilik mərasimlərində əsas söz sahibi Famil müəllim olurmüş...

“Kimin nə dərdi var idi, Famillə bölüşürdü. Alı Mustafayevin elçiliyinə də o gedib. Sevdiyi qızı, qrup yoldaşı Laləni ona vermirdilər. Qızın ailəsi razı olmurdu. Famil müəllim elçi getdi, bu insanlar ailə qurdular. Hazırda Jurnalistika fakültəsində dərs deyən Cahangir müəllimin də xeyir işində Famil yaxından iştirak edib. Onun şadlıq məclisi bu evdə olub. Ümumiyyətlə, belə şeylər çox olub”-deyə Ofelya anım gülümsəyir...

“Atamgil şəhərə girəndə erməni BMP-ləri ilə qarşılaşıblar... ”



İyirminci əsrin 80-ci illərinin sonları Qarabağda ermənilərin qaldırdığı əsassız torpaq iddiaları, bu iddiaların qanlı müharibəyə çevrilməsi bir ziyalı kimi Famil Mehdini çox narahat edir, sarsıdırdı. Buna görə də doğulub boya-başa çatdığı Ağdama və eləcə də digər döyüş bölgələrinə mütəmadi səfərlər edib.

“Elə olurdu ki, hər gün səhər maşınla çıxır, Ağdama gedib-qayıdırdı. Döyüşçülərə baş çəkirdi. Düzü, onlar atamı qoruyur, təhlükəli şəraitdə ona zərər gəlməsini istəmirdilər. Ancaq atamı ora aparan torpaq sevgisi, ziyalı narahatlığı idi”-deyə Şamil Mehdi qayğılı görkəm alır. Sonra söhbətə davam edir...

“Ağdamın, eləcə də Qarabağın erməni silahlıları tərəfindən işğalı, müharibənin ağrı-acıları onun həyatında sağalmaz izlər qoydu. Çünki məhz bu hadisələrdən sonra Famil Mehdinin xarakterində və ovqatında bir səssiz kədər, barışmazlıq yarandı.

Ağdamdan axırıncı çıxanlardan biri də atam oldu. İki-üç gün şəhər boş qaldı. Qohumumuzdan eştdiyimə görə, həmin günlərdə atam maşınla şəhərə gedib. Şəhərə girəndə görüblər ki, ermənilər BMP-lərlə durublar. Yolu bağlayıblar. Erməni tərəfi də ani olaraq atamgili maşında görüb çaş-baş qalıblar. Ancaq fürsətdən istifadə edib maşınla oradan çıxıblar.
Ağdamdan sonra atam çox böyük sarsıntı keçirdi. Toya getmək istəmirdi. Hətta nəvələrinin ad günü olanda onu zorla bir-iki saatlıq məclisə gətirə bilirdik. Qohumlar gəlib ona deyirdilər ki, “əgər sən gəlmirsənsə, toyu eləmirik”. O bəhanələrlə onu məclislərə aparırdılar...”.

“Afiyəddin müəllim atama dedi ki...”

Bəzən adına haqsız ittiham söylənməsi Famil Mehdini daxilən narahat etsə də, həqiqəti üzə çıxarmağa, istənilən kəslə bu barədə danışmağa daim hazır imiş. Şamil bəy buna bənzər bir neçə olayı heç unuda bilmir. 1993-cü ildə Milli Məclisdə atasının adının nahaq yerə hallanması hadisəsindən danışır.

“Bir yerdə oturub televizora baxırdıq. Milli Məclisdən çıxışlar verilirdi. O vaxt daxili işlər naziri olan Vaqif Novruzov çıxışında atamın adını çəkdi. Dedi ki, Ağdam köçkünlərinin Bakıya gəlişinin təşkilatçısı guya, Famil Mehdidir. Bu sözləri eşidəndən sonra atam sakitcə geyinib çıxdı. Soruşdum hara gedirsən? Dedi işim var, Milli Məclisə gedirəm. İkimiz də getdik. Parlamentin qapısından buraxmaq istəmirdilər atamı. Afiyəddin Cəlilova zəng olunandan sonra içəri buraxdılar. Otaqda Afiyəddin müəllim atamla söhbət etdi. Dedi ki, bunlara fikir verməyin, boş-boş danışırlar...”.

“Atamın ilk dəfə ağır söz deməyinin orda şahidi oldum...”


Famil Mehdinin son dövr yaradıcılığından “Dilən, professor, dilən” şeiri xüsusilə seçilir. Şeirin cəmiyyətdə böyük qalmaqal yaratması, ictimaiyyəti daxilən silkələməsi əslində Famil Mehdinin mənəvi aləminin cəmiyyətdəki çirkab və mənəvi eybəcərliklərə şair qəlbi ilə ucaltdığı etiraz səsi idi. Şamil Mehdi deyir ki, o ərəfədə çox söz-söhbət, mübahisələr olub.

“1994-cü ildə onun “Dilən, professor, dilən” şeiri böyük əks-səda doğurdu. O cür şeiri atamdan gözləməzdim. Hər halda yazıb, çap etdiməyə də bilərdi. Ancaq şeir çap olundu, böyük sensasiya və qalmaqala səbəb oldu. Özü də bilirdi ki, onun səs-küyü böyük olacaq. Universitetdə aləm qarışdı bir-birinə. İstədilər işdən çıxartsınlar. Görünür, onun nüfuzlu ictimai fiqur olması səbəbindən bu baş vermədi...”.

Famil Mehdi hadisələrə təkcə jurnalist yox, həm də vətəndaş mövqeyindən yanaşmağı bacarırdı. Onun üçün obyektivlik və həqiqət önəmli idi. Hətta bir çoxları bu həqiqəti müdafiə etməyə çəkinsələr belə.

Şamil bəy deyir ki, bəzi vaxtlarda atasının mövqeyi və addımı onun üçün gözlənilməz olub.

”Rövşən Cavadovun dəfn günü atamla onların yaşadığı həyətə getdik. Dəfnə hazırlıq gedirdi. Cəmisi olsa-olsa, 10 nəfər adam var idi. On birincisi atam idi. Bəziləri bura gəlməyə ehtiyat edirdi. Atam isə bircə bu sözü dedi ki, bu insan müharibədə torpaqlarımızın müdafiəsində döyüşüb, mən buna görə bu məclisdəyəm. Ayrı nə olub, bu məni maraqlandırmır. Onun bu cür münasibətini açığı mən gözləməzdim. Çünki hər halda atam qəhrəman da deyildi, ömrü boyu elmlə məşğul idi...”.

Hər kəs onu sakit təbiətli insan kimi tanısa da, bəzən gördüyü mənzərələr onu nadir halda əsəbləşdirə bilirmiş. Bir dəfə polisin məcburi köçkün qadına əl qaldırması və incitməsi onun səbr kasasını daşırıb.
“Atam adətən sakit xaraterli adam idi. Əsəbləşməzdi. Kobud söz işlətməzdi. Ancaq o hadisəni görəndə həmin polisə kobud bir ifadə işlətdi. Atamın ilk dəfə ağır söz deməyinin orda şahidi oldum. İlk dəfə idi ki, onu o cür halda görürdüm...”-deyə Şamil bəy olanları xatırladır...

“Axır vaxtlar bircə onu dedi ki...”

Son vaxtlar səhhətinin ağırlaşması, ayaqlarının ağrıması onu bərk narahat edirmiş. Ofelya xanımla ailədə söhbət düşəndə bu illər ərzində bircə şeyə peşman olduğunu deyirmiş:

“Həmişə danlayır, deyirdim ki, bir özünə bax, səhhətinə fikir ver. Axır vaxtlar bircə onu dedi ki, hə, düz deyirsən, gərək səhhətimə fikir verərdim. Bu adamın fikri-zikri ancaq kiməsə yaxşılıq eləmək, dardan qurtarmaq idi...”.

İş otağı, burdaki əşyalar Famil Mehdidən qalan təsəllidir ailəsinə. Qol saatı, eynəyi, kitabları, əlyazmaları, dinlədiyi kasetlər, hamısı stolunun siyirməsində saxlanılır. Onun əlyazmaları ilə məşğul olan oğlu Şamil Mehdi deyir ki, gələcəkdə atasının çap edilməmiş əlyazmalarını kitab halında çıxarmaq fikiri var.

Nəvəsi Nicat da şeir yazır...


Söhbətimiz əsnasında qəfildən otağa balaca, gülərüz uşaq daxil oldui. “Sənin adın nədir?”-deyə soruşanda nənəsi “Famildir” dedi. Bir az da balaca Famillə söhbətləşdik. Ancaq kompüter oyunlarına o qədər aludə olmuşdu ki, suallarımdan çəkinən və utanan Famil mənə gülümsünməklə cavab verirdi.

İstedad elə bir keyfiyyətdir ki, bir çox halda genlə də ötürülə bilir. Bəs görəsən Famil Mehdinin nəvələri arasında onun yolunu davam etdirənlər varmı?

Şamil bəy təvazörkar görkəmdə bu haqda danışdı: “Nəvələrinin bəziləri böyükdür. Oğlum Nicat Amerikada təhsilini davam etdirir. Onun ixtisası başqadır. Ancaq bilirəm ki, arada şeir də yazır. Lakin heç kimə göstərmir. O biri babası Rafiq müəllim (tanınmış akademik Rafiq Əliyev) Nicatın şeirlərini bir neçə ziyalıya, səhv etmirəmsə, yazıçı Anara və Fikrət Qocaya göstərib, onlar oxuyub, bəyəniblər. İstedadının olduğunu deyiblər. Ancaq onun üçün tam püxtələşməlidir. Şairlikdə uğurunu zaman göstərər”-deyə həmsöhbətim bildirdi.

Hələ 4 yaşı olan və kağızda cızmaqaralar etməyi xoşlayan balaca Famil də bəlkə vaxt gələcək, istedadlı, tanınmış bir şəxs olacaq. Ancaq nə olur olsun, söhbət düşəndə, onu çağıranda üzünü gömədiyi, ancaq söz-söhbətləri ilə böyüdüyü babası Famil Mehdi də yada düşəcək. Onun kimi bir ziyalının adının və nəslinin mənəvi daşıyıcısı olmaq hələ qayğılardan uzaq bu uşağın çiyninə düşür. Uğurlar sənə bu yolda, balaca Famil !

Əfsanə BAYRAMQIZI




ƏHMƏD CAVAD - SUSMARAM !!!


22 Aralık 2012 Cumartesi

QORBAÇOV ŞUŞA HAQQINDA NƏ DEYİB?



24 il əvvəlin Qarabağ sirləri
Siyasi Büronun 1988-ci il fevralın 29-da keçirilmiş iclasının “Tamamilə məxfi” qrifli stenoqramında o vaxtkı SSRİ rəhbərinin ermənilərə simpatiyası bir daha üzə çıxır.


Dağlıq Qarabağ münaqişəsinin başlamasında o vaxtkı SSRİ rəhbərliyinin, baş katib Mixail Qorbaçovun ermənilərə simpatiyasının hansı rol oynadığı haqda çox danışılıb, yazılıb. “Yeni Müsavat”ın bu mövzuda oxuculara çatdırmaq istədiyi yenilik isə Qorbaçovun və SSRİ rəhbərliyinin münaqişənin qızışdığı bir vaxtda, Sumqayıt hadisələrinin ertəsi günü Sov.İKP MK-nın Siyasi Bürosunun qapalı iclasında danışdıqlarıdır. Həmin iclasın “Tamamilə məxfi” qrifli stenoqramı internetdə var. Bu stenoqramı oxuduqca bir daha aydın olur ki, separatçı münaqişənin qarşısını almalı olan SSRİ rəhbərliyi, şəxsən Qorbaçov kritik məqamlarda erməni simpatiyasını necə büruzə verir və nə dərəcədə qətiyyətsiz davranır. Hesab edirik ki, stenoqramın olduğu kimi oxuculara çatdırılması 24 il əvvəl Qarabağda başlayan münaqişənin tarixindən ibrət götürülməsi baxımından faydalı olacaq.
Beləliklə, 1988-cu il, fevralın 29-u. Kreml. (Qeyd: stenoqramın bundan əvvəl dərc etdiyimiz hissələrində həmin tarix səhvən “1989" kimi göstərilib, texniki yanlışlığa görə üzr istəyirik-red.) Siyasi Büro Sumqayıtda baş vermiş və əsas təşkilatçıları ermənilər olan iğtişaşların ardınca Ermənistan SSR və Azərbaycan SSR-də baş verənlərlə bağlı vəziyyəti müzakirə etmək üçün aşağıdakı tərkibdə toplanır:
İclasa sədrlik edir yoldaş Qorbaçov M.S.
İştirak edirlər: Qromıko A.A, Liqaçov Y.K., Nikonov V.P., Slyunkov N.N., Solomentsev M.S., Çebrikov V.M., Şevardnadze E.A, Yakovlev A. N., Maslyukov Y.D., Talızin N.V., Yazov D.T., Baklanov O.D., Biryukova A. P., Kapitonov İ.V. (Siyasi Büro üzvləri)
İclasın gündəliyindəki 1-ci məsələ. Azərbaycan və Ermənistan SSR-də baş verən hadisələrlə bağlı əlavə tədbirlərin görülməsi barədə.

Qorbaçov: Vladimir İvanoviç dünən Vazgenlə söhbət edib. (Erməni katolikosu nəzərdə tutulur) O, antisovetizmə yol verilməməsi üçün bütün nüfuzundan istifadə edəcəyinə vəd verib. Deyib ki, ona xaricdən çoxlu zənglər olur. Onun sözlərinə görə, Vazgen bu zənglərə belə cavab verib: bu işlərə qarışmayın, heç bir antisovet çıxışları olmalı deyil, yalnız burada, Sovet İttifaqı çərçivəsində erməni xalqı inkişaf edir. Bununla bərabər o deyib ki, real problemlər var və hadisələr boş yerdən başlamayıb. Bu zaman Vazgen öz təcrübəsindən bir nümunə göstərib. Deyib ki, budur, o, Bakıda Əliyevin qəbulunda olub. (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev nəzərdə tutulur). Bakıda erməni kilsəsi var. Bu şəhərdə 200 mindən çox erməni yaşayır. Vazgen xahiş edib ki, bu kilsədə dua mərasimi təşkil etsin. Ancaq budur, 12 ildir dəvət gözləyir, hələ də dəvət almayıb. Deməli, o, Bakıda arzuolunmaz fiqurdur, istəmirlər ki, o orada görünsün. Bütün bunlar isə ermənilərin heysiyyətini toxunur, onları qızışdırır.
Başa düşürsünüz, heç bir təmas yoxdur! Və bu o zaman baş verir ki, xalq danışmağa başlayıb, mikrofon əldə edib. Qoy insanlar xalq səviyyəsində görsünlər ki, biz belə işləyirik, onlarla millətin nümayəndələri. Qoy bunu bütün qüvvələr izləsin, hər şeydən əvvəl ziyalılar. Lakin elə real faktlar var ki, həmin ziyalılar onlara hədəflənməlidir. Bununla belə, hesab edirəm ki, həmin faktları araşdırmaq üçün (Qarabağda ermənilərin hüquqlarının pozulması barədə iddialar nəzərdə tutulur) ayrıca komissiya yaratmağa lüzum yoxdur, Sov.İKP MK Katibliyi, Rəyasət Heyətinin nümayəndələri və digər orqanlar araşdırsalar bəs edər. Bura rus mədəniyyətinin tanınmış təmsilçilərini də qoşmaq lazımdır ki, onlar Ermənistanda və Azərbaycanda olsunlar. Bilirsiniz, bu barışdırıcı təsir göstərir. Və belə görünür ki, bir tərəfdən də sosial-iqtisadi məsələləri həll etmək lazımdır. Digər tərəfdən onları birlikdə burada, Mərkəzi Komitədə “oturtmaq” lazımdır. Qoy onlar bir-birilərinə gedib-gəlsinlər. Xalqlar arasında mədəni, insani təmasların yeni formalarını fikirləşmək olar. Ümumiyyətlə, bayaq dediyim kimi, Ermənistanla Azərbaycan arasında bu cür get-gəllər ancaq yubileylərdə olur, respublikalar arasında canlı əlaqə kifayət etmir. Bu, artıq dərin məsələdir.
Yazov: Georgi Petroviç xahiş edir ki, axşam Sumqayıtda komendant saatı tətbiq edək. Bu isə o deməkdir ki, qoşun yeritmək, yaxud hansısa hərbi hissəni orada yerləşdirmək lazımdır, əsgərləri silahlandırmaq lazımdır, ancaq onun üçün yox ki, atəş açsınlar. Bir halda ki, komendant saatı tətbiq edilməlidir, deməli, hər şeyi etmək lazımdır.

Qorbaçov: Bəs komendant saatı lazımdır?

Yazov: Mən hesab edirəm ki, lazımdır.

Qorbaçov: Silahı hazır saxlamaq lazımdır, ancaq atəş açmaq olmaz. Yoxsa başlayacaqlar o yolunu azmışları güllələməyə.

Yazov: Patronlarsız silah verəcəyik, sonra patronlarla təchiz edilmiş ayrıca zirehli transportyor olacaq. Bunları edirik, təşkil edirik...

Qorbaçov: Patronlar ayrı olsun.

Yazov: Əgər icazə versəniz mən müvafiq əmr verərdim.

Siyasi Büro üzvləri: razıyıq.

Qorbaçov: Mən hesab edirəm ki, bütün bunları etmək lazımdır ki, özbaşınalığın qarşısı alınsın. İrəlidə konfrans var. Konfransla bağlı materiallar mənə bir-birinin ardınca gəlir. Bu məsələ əlbəttə ki, dərindən araşdırma tələb edir. Hətta keçmişin təcrübəsinə qayıtmaq olar. O zaman belə görünür ki, daha maraqlı şeylər varmış. Hətta kənd sovetləri beynəlmiləl tərkibdə olub.
Katibliyə tapşırıq yazaq ki, Ermənistanda bu hadisələrin nədən başladığını araşdırsın. Sakit şəkildə araşdırmaq lazımdır, özü də onların özlərinin, o cümlədə ziyalılarının iştirakı ilə. Tanınmış adamlardan ibarət komissiya yaratmaq lazımdır. Ora alimlər, ziyalılar da daxil edilməlidir, təkcə partiya işçiləri yox. Partiya işçilərinin başı fakt toplamağa daha çox qarışıb, müsbət, yaxud mənfi. Orada daha demokratik komissiya yaratmaq, rəhbərliyinə nüfuzlu adam qoymaq lazımdır ki, getsin, danışsın.

Qromıko: O zaman yəqin ki, komissiyadan yox, nümayəndə heyətindən söhbət gedə bilər. Çünki Ermənistanda bunu komissiya ilə qarışdırmasınlar, hansı ki, yaradılmasını israr edirlər.

Qorbaçov: Bəli. Qoy katiblik müvafiq formanı tapsın, materialları tələb etsin, statistikanı alsın, səfərlər, fikir mübadiləsi təşkil etsin. Artıq hazırlıq işlərinin başlaması ermənilərlə azərbaycanlılar arasında yaxınlaşmaya xidmət etməlidir. Biz digər iş metodlarını da mənimsəməliyik, çünki bu incə məsələdir. Onlar orada başlasalar-mən kobud ifadə işlətməli oluram -bir-birləri ilə “it kimi” davranmağa, Deməli, bunu dayandırmaq lazımdır. İnandırmaq gərəkdir ki, əsas məsələ bu deyil, əsas məsələ odur ki, onlar qonşudurlar, əsrlərlə birgə yaşayıblar. Hansısa ideya ilə məşğul olanda o zaman bütün incəliklər üzə çıxır. Bir azərbaycanlı bəstəkar deyir: Şuşa mənimdir. O, orada, Qarabağda doğulub və deyir ki, Şuşa Şərq mədəniyyətinin mərkəzidir və s. Sən onu bundan necə ayıra bilərsən axı? Ermənistanda isə ancaq bir şey deyirlər - “bizimdir”. Bunu ayırmaq olmaz, əsrlərlə hamı birgə olub.
Azərbaycanda erməni muxtariyyətinin mövcudluğu da bununla bağlıdır. Ancaq lazımdır ki, bu muxtariyyət doğrudan da mövcud olsun və bütün imkanlarından istifadə etsin. Məsələnin həllini də bax burada axtarmaq lazımdır. Ancaq bizim köməyimiz, müdaxiləmiz olmadan. Yoxsa onlar qızışacaq. Bu, situasiyanın tamamlanması ilə bağlı atılmalı olan ilk addımdır. İkincisi, dünən bizim söhbətimiz oldu. Ola bilsin, milli məsələlər üzrə partiya konfransını və plenumu gözləmədən, ehtiraslar sakitləşəndə müşavirə toplayaq və işçi söhbət aparaq. Çünki həmin konfrans ilin sonlarından tez keçirilməyəcək. Həmin müşavirəyə birinci katibləri, Ali Sovetlərin Rəyasət Heyətlərini, vilayət icraiyyə komitələrinin sədrlərini toplamaq olar. Bu zaman bürokratik çərçivə ilə məhdudlaşmayıb ziyalıların nümayəndələrini də dəvət edə bilərik ki, inandırıcı söhbət olsun.

Qromıko: Ümumittifaq müşavirəsi formasında.

Qorbaçov: Bəli, Mərkəzi Komitədə ümumittifaq müşavirəsi, ancaq rəhbər orqanların təmsilçilərinin və bizim respublikaların ziyalı nümayəndələrinin iştirakı ilə. Şərait yaratmaq lazımdır ki, onlar da çıxış etsinlər: həm yazıçılar, həm alimlər. Bu müşavirənin bürokratik olmaması lazımdır. Yoldaşlar, yəqin ki, biz bu cür müzakirəsiz keçinə bilməyəcəyik.

Qromıko: Mən bu müşavirənin təşkili barədə fikirləşərəm. Siz tamamilə doğru dediniz. Bayaq Leninin belə vəziyyətlərdə necə hərəkət etdiyi barədə misal gətirdiniz. O hesab edirdi ki, hər halda orada problemlər var. Demirdi ki, siz haqlısınız, siz isə haqlı deyilsiniz. Görünür o vaxt o bununla məşğul olmaq iqtidarında deyildi. Ona görə də hansısa məsələlər var.

Qorbaçov: Biz indi sizinlə onu bilirik ki, həmin vaxtlarda Lenin xəstəliyi ilə bağlı ümumiyyətlə işlərdən kənara çəkilmişdi. Lakin indi biz mövcud reallıqlardan çıxış etməliyik.

Qromıko: Mənə elə gəlir ki, bu düzgün ideyadır, hadisələrin səbəblərini dərindən araşdırmaq, qruplar göndərmək, nümayəndə heyətləri təşkil etmək və Sizin dediyiniz həmin istiqamətlərdə işlər aparmaq lazımdır. Ancaq neqativ münasibət yaramayacaq. Yalnız sıxışdırmaqla olmaz. Bu respublikaların rəhbərləri heç də hadisələrin yüksəkliyində dayanmayıblar. Onların bu hadisələrdə əli nə dərəcədədir? Hesab olunur ki, əhəmiyyətli dərəcədə.

(Ardı var)

Fərhad MƏMMƏDOV

19 Aralık 2012 Çarşamba

QARABAĞ MÜNAQİŞƏSİ: 2012-Cİ İLİN YEKUNLARI VƏ GÖZLƏNTİLƏR




“Atlas” Araşdırmalar Mərkəzi 2012-ci ildə Qarbağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin gediçini təhlil edib. Analizdə yola saldığımız ildə münaqişənin həllində heç bir irəliləyişin əldə olunmadığı, tərəflərin mövqelərinin əvvəlkitək diametral olaraq bir-birindən fərqləndiyi qeyd olunur. “Azərbaycan münaqişənin mərhələli şəkildə həllinə tərəfdar olarkən Ermənistan bölgənin statusuyla bağlı referendum tarixinin bəri başdan müəyyənləşdirilməsini istəyir. ATƏT-in Minsk qrupu isə 2012-ci ildə də tərəflər arasındakı bu fərqi ortadan qaldıra bilmədi. Minsk Qrupunun hazırladığı Madrid və genişləndirilmiş Madrid prinsipləri tədricən arxa plana keçir. Bu il daha iki məqamla yadda qaldı: Azərbaycan və Ermənistan prezidentləri cəmi bircə dəfə, ilin əvvəlində görüşdülər; Vladimir Putin Rusiya prezidenti seçildikdən sonra Kremlin təşəbbüsü ilə üçtərəfli görüşlərə fasilə verildi” – deyə şərhdə qeyd olunur.

Yazıda qeyd olunur ki, Vladimir Putin mart ayında prezident seçildikdən sonra Kremlin vasitəçiliyi ilə bir görüş belə keçirilməyib. Təhlildə Qəbələ RLS-in bağlanmasının Qarabağ münaqişəsi ilə əlaqəli olduğu qeyd olunur. Sitat: “Kreml Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yolunda gərəkli addımlar atsaydı, Azərbaycan hakimiyyəti həm Qəbələ RLS-lə bağlı yeni anlaşmaya imza atar, həm də Putinin Avrasiya Birliyi ideyasına dəstək verə bilərdi. Ancaq Kreml Qarabağ məsələsində heç bir pozitiv addıma hazır olmadığından rəsmi Bakı nə RLS, nə də Avrasiya Birliyinə “hə” dedi”.

İl ərzində Dağlıq Qarabağla bağlı yaddaqalan hadisələr kimi qondarma quruma “prezident seçkiləri” və Xankəndi Aeroportunun açılması hadisəsi qeyd olunur. Yazıda qeyd olunur ki, separatçılar hava limanını açmağa cəsarət etməsələr də, ATƏT-də bu məsələdə mövqe ortaya qoymayıb.

2012-ci ildə ATƏT-in Minsk qrupunun yaranmasından 20 il keçdi. Minsk qrupu həmsədrlərinin bu ilin noyabr ayında bölgəyə son səfərləri də nəticəsiz oldu. Ancaq bu səfər bir maraqlı məqamla yadda qaldı. Vasitəçilər Bakı, İrəvan və Xankəndi ilə yanaşı, işğal atlındakı Zəngilan və Cəbrayılda da oldular. Görünür, bu onunla bağlıdır ki, həmsədrlər ilkin olaraq bu iki rayonun azad olunmasını məqbul sayırlar.

Təhlilin 2013-cü ildən gözləntilər bölümündə qeyd olunur ki, gələn il həm Ermənistan, həm də Azərbaycanda prezident seçkisi keçiriləcəyindən Dağlıq Qarabağ danışıqlarından irəliləyiş gözləmək əbəsdir. Bu baxımdan analizdə 2013-il itirilmiş il adlandırılıb.

Hesabatda həmçinin erməni lobbisinin 2015-ci il hazırlıqlarına başladığı qeyd olunub: “Həmin tarixdə “erməni soyqrımının” yüz illiyi qeyd ediləcək. Bəzi mənbələrdən gələn xəbərlərə görə, Ermənistan və erməni lobbisi bu 3 ildə Dağlıq Qarabağ rejiminin tanıtdırılması üçün cırtdan dövlətlərlə danışıqlar başlayıb. Erməni separatçıları və erməni lobbisi Abxaziya və Cənubi Osetiya “nümunəsindən” yararlanmaq istəyir. Bu iki separatçı bölgəni də bir neçə cırtdan dövlət tanımışdı. Ancaq separatçılar cırtdan dövlətlərlə kifayətlənənə oxşamırlar. Ermənilər bu işi bəzi böyük dövlətlərdə də görürlər. Məsələn, 2012-ci ildə ABŞ-ın ştatlarından biri və Avstraliyanın əyalətlərindən biri Dağlıq Qarabağı “tanıdığını” bəyan edib. Doğrudur, bu cür “tanınmaların” heç bir hüquqi əhəmiyyəti yoxdur, ancaq bu prosesin genişlənməsi də təhlükəlidir. Əgər Uruqvay parlamentinin spikeri Xankəndinə gedərək, “biz sizi tanıya bilərik” deyirsə, bunun arxasında ciddi planların olduğu aşkardır. Bu arada Avropa ölkələrindən Dağlıq Qarabağa artan səfərlərə də diqqət yetirilməlidir”.

“Atlas” Araşdırmalar Mərkəzi

24 İL ƏVVƏLİN QARABAĞ SİRLƏRİ ÜZƏ ÇIXIR





Siyasi Büronun 1989-cu il fevralın 29-da keçirilmiş iclasının “Tamamilə məxfi” qrifli stenoqramında o vaxtkı SSRİ rəhbərinin ermənilərə simpatiyası bir daha üzə çıxır

Dağlıq Qarabağ münaqişəsinin başlamasında o vaxtkı SSRİ rəhbərliyinin, baş katib Mixail Qorbaçovun ermənilərə simpatiyasının hansı rol oynadığı haqda çox danışılıb, yazılıb. “Yeni Müsavat”ın bu mövzuda oxuculara çatdırmaq istədiyi yenilik isə Qorbaçovun və SSRİ rəhbərliyinin münaqişənin qızışdığı bir vaxtda, Sumqayıt hadisələrinin ertəsi günü Sov.İKP MK-nın Siyasi Bürosunun qapalı iclasında danışdıqlarıdır. Həmin iclasın “Tamamilə məxfi” qrifli stenoqramı internetdə var. Bu stenoqramı oxuduqca bir daha aydın olur ki, separatçı münaqişənin qarşısını almalı olan SSRİ rəhbərliyi, şəxsən Qorbaçov kritik məqamlarda erməni simpatiyasını necə büruzə verir və nə dərəcədə qətiyyətsiz davanır. Hesab edirik ki, stenoqramın olduğu kimi oxuculara çatdırılması 24 il əvvəl Qarabağda başlayan münaqişənin tarixindən ibrət götürülməsi baxımından faydalı olacaq.
Beləliklə, 1989-cu il, fevralın 29-u. Kreml. Siyası Büro Sumqayıtda baş vermiş və əsas təşkilatçıları ermənilər olan iğtişaşların ardınca Ermənistan SSR və Azərbaycan SSR-də baş verənlərlə bağlı vəziyyəti müzakirə etmək üçün aşağıdakı tərkibdə toplanır:

İclasa sədrlik edir yoldaş Qorbaçov M.S.
İştrak edirlər: Qromıko A.A, Liqaçev Y.K., Nikonov, Nikonov V.P., Slyunkov N.N., Solomentsev M.S., Çebrikov V.M., Şevardnadze E.A, Yakovlev A. N., Maslyukov Y.D., Talızin N.V., Yazov D.T., Baklanov O.D., Biryukova A. P., Kapitonov İ.V. (Siyasi Büro üzvləri)
İclasın gündəliyindəki 1-ci məsələ. Azərbaycan və Ermənistan SSR-də baş verən hadisələrlə bağlı əlavə tədbirlərin görülməsi barədə.
Qorbaçov. Bizim gördüyümüz tədbirlər, o cümlədən birbaşa Ermənistan və Azərbaycana göndərilmiş müraciət öz rolunu oynayıb. İnsanlar müraciətə reaksiya veriblər. Onu əlavələr edildikdən sonra ora gecə şifrəli rabitə vasitəsilə göndəriblər, gündüz isə artıq müraciətlə işləməə başlayıblar. Son məqamda Yerevan küçələrində ən azı yarım milyon insan olub. Hər şey iflic edilib, hər şey dayanıb. İnsanları yaxın kəndlərdən də cəmləşdirməyə başlayıblar. Kalonlarla hərəkət ediblər.
Qromıko. (xarici işlər naziri) Son anda deyəndə yəni bu gün?
Qorbaçov. Yox, müraciədən əvvəl, cümə günü. İnsan kütləvi belə olub. Qarabağda azərbaycanlılarla ermənilər arasında toqquşmalar baş verib, iki nəfər həlak olub. İrəvan boyu bu məzmunda vərəqələr paylanıb: ermənilər, mitinq eləməyi dayandırın, silah götürün və türkləri əzin. Uzaq məsafədən ordu qərargahına pistoletdən atəş açıblar. Güllə qərargah rəisinin kabinetinin pəncərəsinə dəyib. Ancaq çərçivənin arasında ilişib qalıb. Vəziyyət bu cürdür. Biz bilirik ki, orada ekstremist elementlər var.
Lakin mən deməliyəm ki, Yerevanı küçələrində yarım milyon adam olsa da ermənilər arasında intizam yükdək olub, heç bir antisovet çıxışı edilməyib. Ayrı-ayrı qruplardan başqa kütlə bizim bayraqların, Siyasi Büro üzvlərinin portretləri arxasında yürüş edib. Yalnız ekstremistlər öz müqəddəratını təyin etmə barədə şüarlar ortaya atıblar. Lakin bütün çıxışlarda məsələ antisovet xarakteri almayıb, düşmənçilik çağırışlar və s. olmayıb. Kütlə bu cür saxlanılıb. Lakin yoldaşlar, bundan belə nəticə çıxır ki, bütün bunlar əvvəlcədə hazırlanıb: Elə-belə bu cür şüyləri təşkil etmək mümkün deyil. Mitinqçiləri əvəzləmək üçün növbələr qurulub, yemək daşınıb, bir-birlərini əvəz ediblər. Mənə bütün bunlar barədə Vlasov danışıb. Onlar məsələni öyrəniblər.

Bütün çıxışlarda mövzu Qarabağ, onun Ermənistana birləşdirilməsi olub. Danışıblar ki, bu məsələ Stalinin vaxtında düzgün həll edilməyib. Qərar xalqa məlum şərtlər daxilində zorla sırınıb, yəni bu məsələyə yenidən baxmaq və onu demokratiya, yenidənqurma çərçivəsində həll etmək lazımdır. Mənə Vlasov videolent təqdim edib, hansı ki, son üç gündə baş verən hadisələr gizli kamera ilə çəkilib və orada əks olunub. Mən bütün çıxışlara baxmışam, bütün o kütləni görmüşəm. Perspektivdə belə görünür ki, sanki bir milyon insan meydana toplaşıb. Onların arasında qocalar, gənclər var. Tanınmış adamlar çıxış ediblər, xalq artistləri, rəssamlar, ümumiyyətlə iri şəxsiyyətlər. Hamının diqqəti Dağlıq Qarabağ məsələsi ətrafında cəmlənib. Dağlıq Qarabağda erməni mədəniyyətinə hörmətsizlik barədə danışlıb, deyiblər ki, erməni muxtariyyətinin hüququ yoxdur, vətənlə əlaqə mövcud deyil və s. Bütün gərginliklər erməni tərəfindədir. Ona görə də biz Siyasi Büroda qəbul etdiyimiz qərarla açıq desəm Azərbaycanı saxlamışıq. Əgər biz bu qərarı qəbul eləməysik o zaman mənim daha sonra sizə deyəcəyim hadisələr baş verərdi.

Mən burada, Mərkəzi Komitədə Kaputikyan və Balayanla (bədnam erməni şairi, Qarabağ münaqişəsinin qızışdırılmasında əsas rol oynayanlardan biri Silva Kaputikyan və mənfur yazıçı Zori Balayan nəzərdə tutulur) görüşəndə, onlara dedim ki, Qarabağ məsələsinin bütün tarixçəsini bilirik. Bilirik ki, bu necə çətin məsələdir. Onun səbəbləri, kökləri xaricdədir. Tarixin, taleyin erməni xalqını ayrı-ayrı yerlərə səpələdiyini biz anlayırıq və başa düşürük. Şəxsən mən iki səbəb görürəm: bir tərəfdən Qarabağın özündə yol verilən çoxulu səhvlər və üstəgəl xalqın içərisindəki emosional başlanğıc. Bu xalqla bağlı baş verənlərin hamısı onların içərisində özünə yer edib, ona görə də indi belə reaksiyalar ortaya çıxır.
Məlum olur ki, Stepanaekrt vilayət komitəsinin katibi 14 il ərzində bir dəfə də olsun Ermənistanda olmayıb, baxmayaraq ki, Dağlıq Qarabağ özü erməni muxtariyyətidir. Başqa şeylər də sadalamaq olar. Hətta Ermənistna aparan yolu başlı-başına buraxıblar. Mədəni əlaqələr pozulub. Bunlar şüurlu şəkildə edilib. Türk televiziyasının verilişləri Dağlıq Qarabağda qəbul edilir, ancaq Ermənistan televiziyasının yox. Axı bütün bunlar insanların heysiyyatına toxunur.
Mən Viktor Mixayloviçdən soruşdum ki, sərhəd zolağı ilə bağlı nə tədbirlər görüldü? O mənə dedi ki, Naxçıvanda sərhədçilərin öz zolağı var, orada zastavalar və s. yerləşir. Sərhədyanı zonanın dərinliyini isə yerli orqanlar, indiki halda respublika orqanları müəyyənləşdirir. Və hansı qərar qəbul olunub? Bütün Naxçıvan sərhədyanı zona hesab edilib və ora sərbəst giriş qadağandır. Bəs orada soyqırım qurbanları dəfn olunublar, orada qəbirlər yerləşir, onlar nə olsun?. 90 erməni mədəniyyət abidəsi olub və indi cəmi biri salamat qalıb. Heç kimi buraxmırlar və bəhanə edirlər ki, ora sərhədyanı zonadır, deyirlər ki, ora gedən yol da 70 ildir təmir olunmur. Bilirsiniz də, bütün bunlar necə qarşılanır. Əlbətdə, bunlar insanların emosiyalarına toxunur.
Bu informasiyalar əlbətdə ki, tərəflərdən birindən gəlir. (erməni tərəfi nəzərdə tutulur.-red) Lakin inandırıcı şeylər deyirlər. Hələ bu yaxınlarda mən Aleksandr Nikolayeviçə tapşırdım ki, mənim adımdan Kaputikyanla danışsın və onun nəzərinə çatdırsın ki, ayıqlıq nümayiş etdirsinlər. Öz təsirli sözlərini desinlər, hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısını alsınlar. O, Kaputikyanla danışıb. Söhbət uzun çəkib, telefonda ağlaşma, hıçqırıqlarla müşaiyət olunub. Ancaq buna baxmayaraq Kaputikyan vəd edib ki, bunu edəcək, xoşagəlməz prosesləri dayandıracaq, sonra məsələyə baxılacaq. Lakin bütün hallarda israr edib ki, biz azərbaycanlıların tərəfində dayanmışıq, deyib ki, onlar ekstremist deyillər, təhrikçilər deyillər. Biz dünən iclas eləyəndə o təyyarəyə oturub və Yerevana uçub. Orada onlar Balayanla birləşiblər, yazıçı, “Literaturnaya qazeta”nın müxbiri ilə. Milliyətçi şəxsdir, özü də qatı milllətçi. İstedadlı şəxsiyyətdir. 33 kitab yazıb. Ermənistanda çox məşhurdur, çox karyeristdir, özünəarxayındır.
Hələ Moskvada Kauptikyan onu özüylə dartıb gətirmişdi. Xahiş elədi ki, mən onları heç olmasa beş dəqiqləlik qəbul edib. Mən fikirləşdim ki, niyə boyun qaçırım, bütün vasitələrdən istifadə etmək lazımdır. Fikrimi dedim ki, bu görüşdən sonra onlara çətin olacaq, onları mənimlə bağlayacaqlar. Mən artıq sizə dedim ki, gecə hansı məktub göndərilib. Lenin də belə hərəkət edib, vəziyyət kritik olanda ya özü müraciət edib, ya teleqramlar göndərib. Və ən xoşagəlməz adamlarla da görüşüb. Kaputikyan orada Komitənin fəxri sədridir, nədir? Elədir? Görüşdüm. Mən dedim ki, Azərbaycan da gərgindir. Başa düşürsünüz, bunu dayandırmaq lazımdır. Axı orada insanlar gərgindir. O isə mənə deyir: azərbaycanlılar niyə gərgindir? Siz onların xeyrinə qərar vermisiniz. Mən deyirəm ki, yox, Sizinlə razı deyiləm. Biz Ermənistanın, Azərbaycanın və bütövlükdə ölkənin xeyrinə qərar vermişik. Söhbət çox çətin, emosional, gərgin keçdi. Kaputikyan dedi ki, insanlar Siyasi Büroya, bizə ümid edir. Dedim ki, sizi əmin edirəm, hər şey sakitləşəcək, hər şey öz yoluna qoyulacaq və siz deyəcəksiniz ki, Mixail Sergeyeviç, çox sağ olun ki, bu müraciəti qəbul etmisiniz. Əgər biz indi hərəkətə keçməsək, tədbir görməsək o biri tərəf də hərəkətə keçəcək. O zaman kim sitasiyaya nəzarəti ələ alacaq? O soruşdu ki, niyə komissiya yaratmırıq. Mən deyirəm ki, qulaq asın, nə komissiya yaranmalıdır? Bir halda ki, siz burada mənim qəbulumda oturmusunuz və məsələnin həlli ilə Siyasi Büro, hökumət məşğuldur.

Balayan isə, onun beyni sürətli işləyir, məndən soruşur ki, bəs biz qayıdıb insanlara nə deyək? Mən ona cavab verdim ki, bunu demək lazımdır: biz, Mərkəzi Komitəsi, Siyasi Büro, Hökumətin ermənilərdən heç bir incikliyi yoxdur. Deyin ki, Mərkəzi Komitə məsələni diqqətdə saxlayacaq, Dağlıq Qarabağda meydana çıxan və həllini gözləyən problemlər həll olunacaq. Balayan dərhal deyir: əgər Siyasi Büro bu məsələ ilə məşğul olacaqsa komissiya da bax elə buna görə lazımdır. Demək lazımdır ki, onların bura nə üçün can atdıqlarının səbəbi əvvəlcədən məlum idi. Onlar özlərinə avtoritet yığırdılar. Onlara öz nüfuzlarını möhkəmləndirmək lazımdır. Açıq deməliyəm ki, biz də onlarla görüşdən yayınmalı deyildik. Çünki bunlar iri ziyalı nümayəndələrdir, hansı ki, xalq onları eşidir. Yeri gəlmişkən, hər ikisi kommunistdir. Beləliklə, erməni qanadını açıq desək, saxlamaq, sakitləşdirmək lazım idi. İmkan vermək olmazdı ki, bütün ermənilər bu hərəkata qoşulsun. Bu müraciətə necə reaksiya verdilər? Deməliyəm ki, tələb olunduğu kimi yox. Oxuyublar, çıxış ediblər, müxtəlif reaksiyalar olub. Mən lentə baxanda diqqət yetirdim ki, biri çıxıb çıxış edir: “İttiafq radiosu və televiziyası həqiqətləri göstərmək əvəzində bizi təxribatçılar adlandırır” və s. Yeri gəlmişkən, mən Kaputikyanla söhbətdə dedim: bizim bəyanatda erməni xalqı təhrikçi adlandırılmır. Biz deyirik ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisinin bir hissəsi təhrikçilərin arxasınca gediblər. Bax söhbət bundan gedir. Biz bunları qarışdırmırıq və bizim erməni xalqına münasibətimiz dəyişməyib.

Müraciəti oxuyandan sonra Yerevanda insanlar dəstə halında toplaşaraq onu müzakirə elədilər, göründü ki, rəhbərlik lazım olan anda öz sözünü deyir. Şənbə günü artıq tətil dayanıb, işə çıxıblar. Erməni radiosu xəbər verib ki, əməkçilər buraxılmış iş günlərinin əvəzini də işləyəcəklər. Lakin Ermənistandan azərbaycanlı ailələrin qaçması halları var. Doğrudur, rəqəmlər ziddiyətlidir. Vladimir İvanoviç (SSRİ Nazirlər Kabinetinin sədri Vladimir Rıjkov nəzərdə tutulur.-red) məruzə edib ki, cəmi 55 nəfər qaçıb. Razumovski isə deyir ki, 200. Azərbaycandakı ermənilərə gəldikdə isə qisaslardan qorxan 200 ailəni məktəbdə yerləşdiriblər, daha 500-ə yaxın ailə isə toplanır.

Razumov.(Sov.İKP MK-nın partiya-təşkilat işləri üzrə şöbəsinin müdir müavini) Azərbaycanlı Ermənistandan çıxanda demir ki, qaçır, deyir ki, guya qonaq gedir. Ona görə də hesablamanı Azərbaycanla aparmaq lazımdır. Onlar ora gedirlər və birbaşa deyirlər ki, bir daha Ermənistana qayıtmayacaq.

(Ardı var)

Hazırladı: F.Məmmədov

16 Aralık 2012 Pazar

“QARABAĞ DANIŞIQLARINDA İRƏVAN MƏSƏLƏSİ MASANIN ÜSTÜNDƏ OLMALIDIR”



Firudin Cəlilov: “Qarabağ şikəstəsi oxumaqla Qarabağ qayıtmaz axı, qadan alım”
“Torpaqlarımızın taleyini Minsk Qrupuna həvalə etmək olmaz”

“Xızı Vedibasar dağlarını mənə xatırlatdığı üçün ora köçmüşəm. O dağlarla, meşələrlə nəfəs aldığım üçün özümü orda hiss edirəm. Quş quşdur, onun da yuvasını uçuranda dəli kimi olur. İnsan da dünyada bir dəfə yaşayır, o, doğulduğu torpağında nəfəs almayanda öz ömrünü yarımçıq yaşayır”. Bu sözlər “Deportasiya Qurbanları Mərkəzi”nin İdarə Heyətinin üzvü, əslən Vedibasar mahalından olan professor Firudin Cəlilova məxsusdur. Görkəmli ziyalımızla Qərbi Azərbaycandakı yurd yerlərimizin taleyi, Qarabağ məsələsinin həlli yollarından danışdıq:

- Mən Qərbi Azərbaycan deyimini əvvəldən bəyənməmişəm. Çünki Qərbi Azərbaycan bir elmi termin kimi Güneydə konkret məkan bildirir, Urmiya gölünün qərbinə Qərbi Azərbaycan deyirdilər. Quzeydə də Qazax bölgəsi nəzərdə tutulurdu. Bizə həmişə irəvanlı deyirdilər. Etiraz etməsəniz mən də bu termindən istifadə edərdim.

- Buyurun.

- Ümumiyyətlə, irəvanlıların taleyi çox acınacaqlı olub. Çünki bir əsr boyu onlar ordan deportasiya olunublar. 1905-ci ildən başlayaraq erməni-azərbaycanlı müharibələri gedib, 1918-ci, 30-cu illərdə köçüb gələnlər çox olub və ən nəhayət, 1989-cu ilin 4-5 dekabrında artıq bu proses yekunlaşdı, ermənilər təmizləmə apardılar. Dəhşətlisi də o idi ki, biz o vaxt köçüb gələnləri Qarabağda yerləşdirmək istəyirdik, bəzilərini də yerləşdirmişdik. Amma çox təəssüf ki, iqtidar bizi düz başa düşmədi, onları təzədən ordan çıxartdılar. Biz Şuşaya, Malıbəyliyə neçə ailə göndərmişdik. Ümumiyyətlə, qarabağlılarla irəvanlıların taleyində cəhətlər çoxdur. Düzdür, birinə köçkünlər, digərinə qaçqınlar deyirlər, amma tale eynidir: hər ikisi yerindən, yurdundan, dədə-baba torpaqlarından ayrı düşüblər, heç biri gedib ata-anasının qəbrini ziyarət edə bilmir.
Bu mənada Qarabağ ağrısı bizim üçün bir köynək daha yaxındır. Biz irəvanlı ziyalılar olaraq yığışıb deportasiya olunanların mərkəzini yaratdıq ki, heç olmasa onların problemlərini gündəmə gətirək. Vaxtaşırı da toplaşıb tədbirlər keçiririk. Elə bəyanatlarımıza baxsanız görərsiniz ki, orda əksər vaxtlarda bir bənd Qarabağ qaçqınları ilə bağlı olub, çünki problemlər eynidir. Çox təəssüf ki, biz İrəvan torpaqlarını itirdik. Özü də hələ sovet hakimiyyəti qurulan illərdən daha çox rəsmi şəkildə itirə-itirə gəldik. Məmməd Əmingilin qurduğu dövlətin və Sovet Azərbaycanının xəritəsinə baxanda görürük ki, Zəngəzur, Vedibasar, Göyçə, hətta 50-60-cı illərdə Qazaxdan da kəndlər verilib. Bu mənada həm Qarabağ, həm də İrəvan bölgəsinin əhalisinin taleyində bir yaxınlıq var, bunları bir-birindən ayırmaq düz deyil. Ona görə də mən bir şəxs olaraq Qarabağ problemi başlayan gündən o hadisələrin mətbəxində olmuşam. Hələ 1986-cı illərdən biz bu işlə məşğul idik, çünki bilirdik ki, Rusiyadan göndərilmiş emissarlar Qarabağda təbliğat aparırlar.
O vaxt biz gizli təşkilat “Varlıq”ı yaratdıq ki, heç olmasa qarabağlıların deportasiyasının qarşısını ala bilək. Elə ki, Qarabağda separatçılıq hərəkatı rəsmiləşməyə başladı, biz yenə də 5-6 ziyalı yığışıb Qarabağa Xalq Yardımı adında bir təşkilat qurduq. Mən də onun İdarə Heyətinin üzvü idim, həmçinin rəhmətlik Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Aydın Məmmədov, Cümşüd Nuriyev, Sabir Rüstəmxanlı və başqaları da bu qurumdaydı. Sonra ilk demokratik qəzet “Azərbaycan”ı da həmin təşkilat buraxdı. Demək istəyirəm ki, Qarabağ problemi həmişə bizim içimizdə olub. Allahın Topxanası ilə bağlı mitinqlərdə milyonlar meydana yığışırdı. Həmin günlərdə də İrəvandan deportasiyalar həddindən artıq güclənmişdi, deportasiya olunanlar elə birbaşa meydana gəlirdilər. Biz Qarabağ Komitəsini yaratdıq, rəhmətlik Bayram Bayramov (xalq yazıçısı, komitənin rəhbəri - E.P.) o vaxt heç Bakıda deyildi, xaricdə idi. Mənim təklifimlə onu sədr seçdik. Bunu ona görə xatırladıram ki, Qarabağ problemi bir şəxs, bir ziyalı olaraq həmişə məni ağrıdıb və bu gün daha çox ağrıdır. Mən bu problemi bildiyim və zaman-zaman həllinin mümkün olduğunu gördüyüm üçün daha çox ağrımışam. Bu 25 ildə neçə iqtidar dəyişsə də, hər iqtidarın dövründə Qarabağın qaytarmağın bir yolu mümkün olub. Həmişə təəssüf edirəm ki, o yolu biz yetkililərə başa sala bilmirdik, deyirdik, amma eşitmirdilər. Bu gün Qarabağ hər gün bizdən bir addım uzaqlaşır. 20 ili hesablayın, görəcəksiniz ki, Qarabağ bizdən nə qədər uzaqlaşıb.

- Sizin təklif etdiyiniz hansı yol idi və bundan sonra keçərli deyil?

- İldən-ilə vəziyyət elə çətinləşir ki, Qarabağın qaytarılması həddən artıq müşkülə çevrilir. 1988-ci ildə bunun bir yolu var idi ki, Ermənistandan deportasiya olunanları Qarabağda yerləşdirmək lazımdır. Ovaxtkı dövlət başçısı ilə dəfələrlə mənim söhbətim olub. Özü də tək söhbət etməmişəm, meydandan başıma yığıb apardığım insanlar olub - Sabir Rüstəmxanlı, rəhmətlik Tağı Xalisbəyli, Nurəddin Mehdixanlı, İsa Qəmbər idi. Deyirdik ki, imkan verin bu insanları Qarabağda yerləşdirək. İmkan vermədilər. Sonrakı dönəmdə OMON-çuların hərəkatını gücləndirmək, yəni onlara imkan vermək lazım idi ki, separatçıların 5-10 nəfər başçısını tutub dama bassınlar, məsələ həllini tapsın. Bu da olmadı. Sonra biz hakimiyyətdə olan qısa dövrdə artıq məsələ müharibə yolu ilə həll olunurdu, bizim ordu lap gedib Xankəndinə yaxınlaşmışdı. Mütəllibovun vaxtında ruslarla sövdələşmə getmişdi, kömək də edirdilər, Çaykənd, “Şaumyan” (Gülüstan) kimi kəndlər boşaldılmışdı. Orda da xalq hərəkatında olanların uzaqgörənliyi olmadığı üçün səhvlər oldu. Yəni imkan verilmədi ki, o üsuldan tam istifadə edilsin. Rus ordusunda zabitlərin pulla ələ alınması prosesi gedirdi, işlər də yaxşı gedirdi. Bu dönəmdə mənim dostlarımın günahı oldu. Sonralar görünür gizli danışıqlar oldu, atəşkəs haqqında protokol imzalandı. Adı atəşkəs sənədidir, amma görün o gündən indiyədək nə qədər əsgərimiz həlak olub. Biz iki-üç il müharibə etsək, o qədər sayda əsgər itirməzdik. Mən hesab edirəm ki, bizim iqtidar və müxalifət qəzetlərində ən böyük yanlışlıq odur ki, ermənilərin acından öldüyü, İrəvandakıların çox rəzil vəziyyətdə yaşadıqlarını yazır. Mən hərdən Ermənistan telekanallarına baxıram, əslində onlar kef-damaq içindədirlər. Elə Qarabağda da tikinti işləri aparır, yollar salırlar. Əks təbliğat aparmaqla guya bizdə bir ümid yaradırlar ki, bu gedişlə Qarabağ məsələsi öz-özünə həll olunacaq.

- Siz müharibə variantını birdəfəlik istisna edirsiniz, yoxsa...


- Müharibə etmək üçün müharibəyə hazır olmaq lazımdır. Mən o hazırlığın səviyyəsini görmürəm. Biz silah alırıq, düşmən də alır. Onların hələ başqa üstünlükləri də var ki, orda rus ordusu var. Qarabağ məsələsinin həlli gün-gündən müşkülə çevrilir, çətinləşir. 2001-ci ildən bəri parlamentdə Qarabağ məsələsi qoyulmayıb. 1995-ci ilədək biz hər dəfə bu müzakirələri keçirirdik. Parlamentdə heç Qarabağ komissiyası yoxdur. Bu, Qarabağa münasibəti göstərir. Mən bunları ürək ağrısı ilə, yana-yana deyirəm. Mən insanları kateqoriyalara bölmürəm, hamısı mənim üçün əzizdir, yurddaşımdır. Amma Qarabağa bu münasibəti görəndə əlbəttə insanda bir qırıqlıq yaranır. Məndə o, daha çox yaranır. Çünki ortalıqda həm İrəvan deportasiyası var, həm də Qarabağ məsələsi başlayan gündən problemin içində olmuşam, daha çox o ağrı-acı ilə yaşamışam.

- Bir ümid işığı var ki, ötən əsrlərdə dəfələrlə cəhdlər olsa da, Qarabağı Azərbaycandan almaq mümkün olmayıbsa, bu dəfə də erməni arzusuna çatmayacaq. Siz necə hesab edirsiniz, Qarabağı İrəvanın, Zəngəzurun taleyi gözləyirmi, yoxsa...

- Əslində Zəngəzurla Qarabağın nə fərqi var? Zəngəzur 70-80 ildir əlimizdən çıxıb, Qarabağ 20 il. Belə getsə, işğalın tarixi uzanacaq. Ancaq dünyada mümkün olmayan şey yoxdur. Əlbəttə hamımız ürəyimizdə deyirik ki, Qarabağı qaytaracağıq. Qarabağ bayatısı, Qarabağ şikəstəsi oxumaqla Qarabağ qayıtmaz axı, qadan alım. Qarabağ məsələsi ciddi məsələsidir, tək ermənilərin məsələsi deyil, bu, geosiyasi məsələdir. Bu işlə ciddi adamlar məşğul olmalıdır. Qarabağın taleyini Minsk Qrupuna həvalə etmək olmaz. Bu, quzunu qurda tapşırmağa bənzəyir. Amma təbii ki, bir ziyalı olaraq məndə Qarabağın mütləq qayıdacağına inam var. Dediyim çatışmazlıqlar aradan qalxdıqca, məsələlər həll olunduqca əlbəttə, biz Qarabağı qaytara bilərik.

- Ermənilər hətta Azərbaycanı məhkəmə iddiaları ilə təhdid edirlər. Deportasiya Mərkəzi bunun qarşılığında hansı işlər görür?

- Bizim daşımız bir az ağırdır. Biz adicə bir söz işlətmişdik ki, İrəvandan deportasiya olunanların sənədləri ortalıqda yoxdur. Bu sözümüzə görə nə qədər ajiotaj yaratdılar. Bu mənada irəvanlıların məsələləri həddindən artıq qəlizdir. Amma bu günlərdə Deportasiya Mərkəzinin deportasiyanın ildönümü ilə bağlı bir toplantısını keçirməyi və aktual məsələləri gündəmə gətirməyi, aktual məsələləri gündəmə gətirməyi planlaşdırırıq.

- Tarixi torpaqlarımızda mülkləri qalanların davamlı şəkildə beynəlxalq məhkəmələrə müraciət etməsinə necə baxırsınız?

- Biz bu məsələləri dəfələrlə qaldırmışıq. Bizim verdiyimiz bəyanatlar, qaldırdığımız məsələlərə bəzən ciddi reaksiyalar da olur. Məsələn, irəvanlılara pasport verəndə doğulduqları kəndin adı yazılmırdı. Biz bu məsələni ciddi qoyduq, çünki tarixin izini itirmək demək idi. Artıq pasport veriləndə bu qüsur düzəldilir. Mülkiyyət hüquqları ilə bağlı da sənədlər hazırlandı, xarici dövlətlərə göndərildi, xarici diplomatlarla hər görüşdə bunu gündəmə gətiririk. Amma bizim ictimai təşkilat olaraq geniş imkanlarımız yoxdur. Bu işləri daha ciddi şəkildə qoymaq, BMT, Avropa Şurasına, Avropa Məhkəməsinə daşımaq üçün geniş imkanlar olmalıdır.

- Bir çox hallarda təkliflər olub ki, Azərbaycanın indi Ermənistan adlanan ölkənin ərazisindəki tarixi torpaqlarının məsələsi Qarabağ danışıqlarında gündəmə gətirilməli, deportasiya olunan 200 min nəfərin qayıdışı müzakirə mövzusu olmalıdır. Bunu real sayırsınız?


- Bu məsələni ilk dəfə biz qaldırmışıq və dəfələrlə ona görə başımız ağrıyıb. Qarabağ danışıqlarında İrəvan məsələsi masanın üstündə olmalıdır. O vaxt Mircəfər Bağırov ağıllı iş gördü. Onun vaxtında da ermənilər Qarabağı istəyirdi, Moskvaya yazmışdılar. Stalin də o məktubu Bağırovun üstünə göndərmişdi. Bağırov demişdi Qarabağı ermənilərə verirəm, amma bu şərtlə ki, İrəvana qədər olan ərazilər - Vedibasar, Göyçə, Zəngəzur da Azərbaycana verilməlidir, çünki ora Azərbaycan əraziləridir. Demişdi gəlin dəyişək, Qarabağı verək, Ermənistan da o torpaqları bizə qaytarsın. O torpaqlar həcminə görə Dağlıq Qarabağdan on dəfə çoxdur. Ermənilər onunla da susdular. Çünki Bağırov Qarabağ məsələsində İrəvan kartını ortalığa qoydu. Amma indi bu məsələdən heç olmasa danışıqlarda ortalığa qoyulmalıdır.
Dəyərli ziyalımız sonda ürək sözlərini bölüşdü: “Düzdür, mən nisgilli danışdım. Amma Qarabağla bağlı bir az nikbin olmalıyıq. Yəni bu ümidlərimizin, arzularımızın gerçəkləşməsi yollarını axtarmalıyıq. Qarabağ mütləq qayıdacaq. Amma onun qayıtmasının yeganə real yolunu mən Təbrizdə görürəm. İnşallah, Təbrizdə Güney Azərbaycanın azadlıq bayrağı qalxan gün Qarabağ məsələsi də həll olunacaq. Yəni Qarabağ məsələsinin həlli Təbrizdən keçir. Qarabağ 50 milyonluq Azərbaycan türkünün torpağıdır, təkcə Quzeyin deyil. Bu dəfə ciddi müharibə başlasa, elə o güneyli soydaşlarımız əlində ağac Arazı keçib məsələni həll edəcəklər”.

Elşad PAŞASOY

11 Aralık 2012 Salı

“Rusiya Qəbələ RLS-dən bəhanə kimi istifadə edəcək” - Politoloq rəyi


“Rusiya Azərbaycana minnətdarlığını bildirməlidir ki, bu stansiyanı torpağımızda saxlamışıq”. Bu barədə politoloq Vəfa Quluzadə Rusiyanın Qəbələ RLS-in fəaliyyətini dayandırması haqda verdiyi qərarı Modern.az-a şərh edərkən bildirib. Politoloqun fikrincə, Rusiya stansiyanın dayandırılmasında Azərbaycana qarşı bəhanə kimi istifadə edə bilər.

“Bundan sonra hesab edirəm ki, Qəbələ RLS Azərbaycana da lazım olmayacaq. Biz onu tamamilə sökməliyik ki, vətəndaşların səhhətinə mənfi təsir etməsin.

Hesab edirəm ki, Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Rusiya ilə Azərbaycan arasında münasibətlərə heç bir təsir göstərməyəcək. Münasibətlər onsuz da məlum vəziyyətdədir. Sözün açığı bu stansiya Rusiyanın özünə də heç lazım deyil. Sadəcə olaraq burada mindən çox rus ailəsi yaşayırdı. Buna görə onlar bizdən xahiş edirdilər ki, istifadə müddətini bəlkə bir dəfə də uzadaq. Biz də öz şərtlərimizi bildirdik, onlar da bundan imtina etdilər. Burada Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcək səbəb görmürəm. Düzdür, Rusiya bu məsələdən bəhanə kimi istifadə edəcək. Rusiya Azərbaycana minnətdarlığını bildirməlidir ki, biz neçə illər bu stansiyanı torpağımızda saxlamışıq”, - deyə V.Quluzadə şərh edib.

Qeyd edək ki, Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib.

Anar Rüstəmov




30 Kasım 2012 Cuma

RUSIYA ORTA DOĞUDAN DIŞLANIR



Ənvər BÖRÜSOY


Təkqütblü dünya siyasətində Moskva öz mövqelərini itirməkdədir

Rusiya keçmiş Sovetlər Birliyi çökdükdən sonra, Şərqi Avropa və Balkanlarda ötən 20 il ərzində tamamilə mövqelərini itirməklə yanaşı, 70 illik metropoliya siyasətində də xeyli dərəcədə qarşısıalınmaz proseslərlə üz-üzə qalmışdır. Belə ki, Litva, Latviya və Estoniya üzərində hakim olmaq iddiasından məcburi şəkildə geri çəkilməklə Baltik hövzəsində olan nüfuzu da indi yox dərəcəsindədir. Rusiya belə bir aqibətlə Orta Doğu siyasətində də üzləşmək zorunda qalmışdır. 2003-cü ildən başlanılan bu prosesdə dünyanın qlobal siyasi güc mərkəzi olmaq mövqelərinin daralması indi Rusiyaya çox baha başa gəlməkdədir.

Qəzzədən çıxmaq məcburiyyətinin səbəbləri

Yola saldığımız həftədə 1950-ci ildən üzü bu yana ilk dəfə olaraq Rusiya Aralıq dənizi hövzəsindəki hərbi gəmilərinin çıxarılması qayğısına qalmağa məcbur olmuşdur. Bu yöndə Qara dənizdəki hərbi dəniz qüvvələrini belə Suriya və Qəzzə bölgəsinə yardıma göndərməsi Orta Doğu məsələsində siyasi çevrələrin əsas diqqət mərkəzində olmuşdur. Rusiya Xarici İşlər nazirliyi Qara və Aralıq dənizlərində ötən 62 illik hərbi güc siyasətinin indiki məqamda bunca biabırçılıqla qarşılaşmasını dolayı yolla “ört-basdır” etmək üçün: “Biz Suriya və xüsusilə Qəzzə bölgəsindəki Rusiya vətəndaşlarının münaqişələrdən qorumaq üçün bu addımı atırıq” açıqlamasını vermişdir. Əslində həmin bölgələrə hərbi dəniz qüvvələrinin göndərilməsini deyil, humanitar məqsədli təyyarələrin və gəmilərin bu işi görməsi daha məqsədə uyğun hesab olunmalı idi. Qara dənizin Simferopol limanında saxlanılan Rusiya müdafiə nazirliyinin flotunun Aralıq dənizinə səmt götürməsi hərbi ekspertlərin də təsdiq etdiyi kimi, Qəzzə bölgəsində son bir ayda yenidən alovlanmaqda olan İsrail-Fələstin müharibəsinin indiki məqamda tamamailə fərqli strateji proseslərə görə baş verdiyinin səbəbindən doğmuşdur. Belə ki, 2003-cü ildə İraq, bunun ardınca Əfqanıstan, daha sonra isə Misir, Tunis, Əlcəzair, Liviya kimi totalitar rejimlərin bunca uzun illər mövcud olmasında Rusiyanın da xüsusi payı olmuşdur. Sovetlər Birliyi çökən zaman bəlli oldu ki, Moskva bu Orta Doğu dövlətlərində silah satmaqdan savayı heç bir iş görməmişdir. Həmin silahlar sadəcə totalitar rejimlərin qorunması üçün lazım idi. Ağır sosial-iqtisadi həyat şəraitində bunca uzun illər yaşam tərzinin aradan götürülməsi üçün lazım olan mühitin yetişməsi məhz 2000-ci illərdən sonra başlanılmışdır. “Ərəb Baharı” və ya “Domino” adlanan sosial partlayışların nəticəsində Rusiyanın indi həmin ölkələrdə sadəcə enerji resurslarının istehsalında kapitalından qarşılıqlı şəkildə faydalanmaq kimi strateji mühitə önəm verilməkdədir. Əksər mütəxəssislərin də qeyd etdiyi kimi, Suriyada ilyarımdır baş verən üsyanlar və qanlı toqquşmaların artıq sonu yaxınlaşmaqdadır. 20 milyonluq əhalisi olan Suriyada təbii ki, dövlət totalitarizmi siyasətini aparan Rusiya və İranın dirəniş göstərməsinin əsil səbəbi “Suriya Orta Doğu siyasətində son qalamızdır” kimi təqdir olunmasından irəli gəlir. Hər iki dövlət məhz Suriyanın coğrafi və strateji mövqeyini nəzərə alaraq bölgənin üzərindən ərəb dövlətlərini təsir altında saxlamaq üçün Fələstin və Qəzzə siyasətini yürüdürdülər. İdeoloji və siyasi baxımdan İranın təsir dairəsi üstün səviyyədə olsa da, hərbi stuktur və silahlanma baxımından Rusiya hər zaman ən üstün mövqedə olmuşdur. İndi bölgədə yaranan yeni siyasi şərtlər, kommunikasiya vasitələri artıq nə İranın, nə də Rusiyanın ənənəvi siyasətinə cavab vermir. Buna görə də hər iki dövlət bölgədə ya siyasətlərini dəyişməli, ya da buradan tamamilə çıxarılmalıdırlar.

Hərbi eskadranın son addımları



Qara dənizin Krım bölgəsində Rusiyanın Qara dəniz Hərbi Eskadrasına məxsus “Moskva” Xüsusi Qvardiya Raket Kreyseri, “Smetlivıy” Dəniz Mühafizə Hərb Gəmisi, “Novoçerkassk”, “Saratov” və “İvan Bubnov”, “MB-304” tipli ən elitar döyüş qabiliyyətli gəmilərinin Qəzzə bölgəsinə göndərilməsi bir sıra mətləblərə aydınlıq gətirmişdir. Rusiya beynəlxalq birlik qarşıısnda özünü sığortalamaq üçün bildirmişdir ki, bölgədə onun xeyli sayda vətəndaşları yaşayır və İsrail-Fələstin silahlı münaqişəsinin alovlanması nəticəsində onların həyatına böyük təhlükələr gözlənilir. Buna görə də Qəzzə bölgəsində yaşayan vətəndaşlarını müharibə şəraitinin şərtlərinə görə evakuasiya etmək məcburiyyətində qalmışdır. İordan çayının hər iki sahilindəki (İudey və Samariya) bölgəsində FAT-a (Fəlsətin Azadlıq Təşkilatı) və İsrailə məxsus silahlı qüvvələrin üz-üzə dayanması, BMT-nin sərt şəkildə verdiyi bəyanatlara baxmayaraq, hər an savaş alovu həlqəsinin genişlənməsi təhlükəsinə cavab kimi Rusiya bölgədə bəlkə də sonuncu dəfə öz silahlı qüvvəsini nümayiş etdirmək istəyir.

Orta Doğu ilə bağlı siyasi analitiklərin fikrincə, Suriyadakı hakimiyyət dəyişikliyi yönündə aparılan son danışıqlar başa çatmamış, gözlənilmədən Qəzzə zolağında Fələstin-İsrail silahlı münaqişəsi alovlanmağa başlamışdır. İsrailin Müdafiə Ordusu (İMO) və HƏMƏS, Hizbullah və digər ərəb silahlı birlikləri arasında döyüşlər ara vermədən hələ də davam etməkdədir. Fələstin təşkilatları bu qanlı savaşın durdurulması yönündə Misirin vasitəçi rolunda missiyasını davam etdirməsini istəmişlər. Paytaxt Qahirədə siyasi ehtirasların alovlanması Misirdə hakimiyyət böhranına səbəb olduğu üçün, barış missiyası da baş tutmamışdır.

Yaranmış böhrandan istifadə etməyə çalışan Rusiya artıq öz hərbi gəmilərini Aralıq dənizinin şərq sahillərində yerləşdirməyə nail olmuşdur. Burada hərbi dəniz piyada qoşunları, xüsusi əməliyyat qrupları və təbii olaraq hər an döyüşlərə təsir edə biləcək silahlarını nümayiş etdirməkdir. Hətta planlaşdırılmış şəkildə döyüş əməliyyatlarına hər an qatıla biləcəyini də elan etmişdir. Rusiya bildirir ki, bölgədə yaşayan vətəndaşlarının təhlükəsizliyi üçün bu yöndə zəruri addımları atmağa məcburdur. Halbuki, Suriyada ilyarımdır yaşanılan vətəndaş müharibəsi dövründə Rusiyaya məxsus 60 min nəfər vətəndaşın evakuasiya olunmasında Moskva heç bir ciddi addım atmamışdır. Düz bir aydır Nyu-York, Moskva, Berlin, İstanbul, Ottava, Monreal, Roma, Əmman, Paris, Yerisuəlim və dünyanın digər iri şəhərlərində çərkəzlər, kürdlər və ermənilərə məxsus icmalar müntəzəm şəkildə etiraz mitinqləri keçirərək Suriyadakı vətəndaş savaşının davam etdiyi müddətdə onlara məxsus əhalinin Rusiyaya miqrasiya olunmaları üçün müvafiq tədbirlərin görülməsini tələb edirlər. Bu məqsədlə Rusiya prezidentinin 2018-cu il 24 iyul tarixli qərarına əməl olunmasını bir şərt olaraq irəli sürmüşlər. Həmin qərarda qeyd olunur ki: “Rusiya ilə tarixi bağlantısı olan və xarici dövlətlərdə yaşayan hər hansı bir millətə mənsub vətəndaşın istənilən an Rusiya Federasiyasında yaşamaq hüququ vardır”.

Rusiyaya məxsus Orta Doğudakı hərbi eskadranın bölgədə baş verən proseslərə uyğun şəkildə necə addım atacağı ekspertlər tərəfindən dəyərləndirilməkdədir. Mütəxəssislərin fikrincə Rusiya təkcə öz vətəndaşlarını deyil, həm də bölgədəki kəşfiyyat strukturlarını və onlara məxsus arxivləri, digər vasitələrini “yerbəyer” etmək üçün lazımdır. Yəni bu infrastukturları Rusiyaya köçürməyin vaxtı çoxdan çatmışdır.

Enerji savaşında Rusiyanın məğlubiyyəti

2009-cu ildə Aralıq dənizinin şərq ekvatoriyasında dünyanın ən nəhəng təbii yanacaq qaz yataqları kəşf olunmuşdur. Hələ bu yöndə 1999-cu ildə İngiltərəyə məxsus ”British gas” və Livanın “Consolidated Contractors Company” şirkətləri arasında 25 illik müddətə müqavilə də imzalanmışdı. Bu anlaşmaya görə qaz yataqlarının 60 faizi İngiltərənin, 30 faizi Fələstinin və 10 faiz isə İsrailin payına düşürdü. Leviafan və Tamar bölgəsində istismar olunan bu yataqların sayəsində əldə olunan gəlirlər İranın Orta Doğunun sıxılmış qaz bazarındakı mövqelərinə qarşı böyük zərbə hesab olundu. Digər yandan isə 2003-cü ildən başlanılan Orta Doğudakı “ərəb baharı” inqilablarının nəticəsində Rusiyanın siyasi və iqtisadi anlamda mövqelərinin ciddi şəkildə daralmasına səbəb olmuşdur. Siyasi müşahidəçilərin fikrincə bütün bunlarla barışmaq fikrində olmayan Rusiya bölgədə yeni münaqişələrin dərinləşməsində maraqlı tərəf rolunda çıxış etmək məcburiyyətində qalmışdır.

Qəzzə bölgəsində alovlanan bu yeni savaşın nədənlərindən biri də Fələstinin payına düşən gəlir mənbələri uğrunda yaranmış daxili çəkişmələrdir. Belə ki, İran və Rusiyaya meyilli qruplaşmaların mövqeləri daraldığı üçün, onlar öz nəzarətlərində olan silahlı qüvvələri hərəkətə gətirərək İsraili hərbi və siyasi mənada provaksiyalara cəlb etməyə başladılar. Noyabr ayı boyunca Qəzzədə başlanılan silahlı münaqişələrdə hər iki tərəfdən çoxlu sayda insani tələfatlar olmuşdur. Bu prosesdə qismən Rusiyanın təsiri altında olan ərəb ölkələri də (xüsusilə İordaniya) böhranın dərinləşməsində dolayı yolla maraqlı tərəf rolunda çıxış edirlər. Çünki, təbii qazın satışında əldə olan gəlirlər neft biznesinə sarsırıdıcı zərbənin vurulması kimi başa düşülür. Heç də sirr deyil ki, dünya bazarında təbii qazın satışında ən böyük iddiaçı rolunda çıxış edən ölkələr sırasında Rusiya ilk yerlərdən birini tutur. Buna görə də dünyada təbii qazın istismarının və satışının daha çox üstün səviyyədə önəm verildyi bölgələrdə “etnik münaqişlərin alovlanması” taktikası dərhal işə düşür. Rusiya bu oyunları gündəmə gətirdiyində “İran kartı”ndan məharətlə istifadə etməyi də unutmur. Bunu Azərbaycanda yeni tapılan təbii qaz yataqlarının istismarı ərəfəsində İrəvan, Tehran, Moskva və Maxaçqalada süni şəkildə gündəmə gətirilən “ləzgi”, “avar” və “talış” separatizmlərinə dayanıqlı olaraq keçirilən toplantıların mənasında da müşahidə etmək mümkündür. Noyabr ayının 21-də Qəzzə bölgəsində savaşın durdurulması üçün beynəlxalq birlik tərəfindən aparılan səylər nəticəsində moratorium imzalanması Rusiyanın stratreji hədəflərinə ən böyük sarsıdıcı zərbələrdən biri də hesab etmək olar.

Rusiya Qəzzə bölgəsindəki konfliktin dərinləməsi üçün çoxsaylı provakasiyaların pilləli şəkildə hərbi və siyasi avantüraları texnologiyasından istifadə etsə də, bir həqiqəti dərk etmədi ki, çağdaş siyasətdə artıq hərbi yolla deyil, modernləşmə və humanitar siyasi baxışların sayəsində ölkələr qarşılıqlı faydalara dayanıqlı şəkildə fəaliyyət göstərirlər. Qəzzədə son bir ayda yaşanılan Fələstin-İsrail münaqişəsində uduzan tərəf isə Rusiya oldu. Çünki, bölgədə enerji resurslarına sahib çıxmaqla deyil, bu mənbələri ortaq şəkildə istifadə etmənin yolunun tərəfdarları qalib gəldilər. Rusiya tarixən dünyanın ən strateji nöqtəsi olan Orta Doğunu tamamilə itirməklə üzləşdi.

26 Kasım 2012 Pazartesi

TÜRKİYƏ DAXİLİ İŞLƏR NAZİRİNDƏN ŞOK AÇIQLAMA




“İran, Suriya, İraq və Ermənistan PKK-ya dəstək verir”

Dünən İran parlamentinin sədri Əli Laricani Ankarada olduğu saatlarda Türkiyənin daxili işlər naziri İdris Naim Şahin şok açıqlama verib. Lent.az-ın verdiyi məlumata görə, milliyətçi mövqeyi ilə seçilən İdris Naim Şahin “TRT Haber” telekanalına açıqlamasında deyib ki, İranın PKK terror təşkilatına dəstək verdiyini bilirlər.

İdris Naim Şahin bildirib ki, Şemdinlidə, Yüksekovada döyüşlərdə yaralanan PKK terror təşkilatının üzvlərinin İrandakı xəstəxanalarda müalicə aldıqları məlumdur: “Terrorçuların ifadələri də zatən bu məlumatları təsdiqləyir. İran hazırda ən azı PKK terror təşkilatının fəaliyyətinə göz yummaqla terror təşkilatını dəstəkləyir. İranla bərabər, Suriya, İraq və Ermənistan da PKK-nı dəstəkləyir”.

İdris Naim Şahin ilk dəfə diplomatik tərzi bir kənara qoyaraq, açıq şəkildə PKK terror təşkilatını dəstəkləyən ölkələrin adlarını açıqlayıb və bu ölkələrin terror təşkilatını dəstəkləməsi barədə Türkiyədə dəqiq məlumatların olduğunu söyləyib...

13 Kasım 2012 Salı

" SADVAL" XORTLADI

Rusiyanın Azərbaycana qarşı daha bir məkrli addımı

Separatçı-terrorçu təşkilat “Milyarderlər ittifaqı” ilə təxminən eyni vaxtda Mahaçqalada gizli təsis olunub, xəbəri isə indi yayılıb; Kreml Bakıya təzyiq göstərmək üçün separatizm kartını da işə salır, Dağıstanın Azərbaycanla həmsərhəd meşələrində böyük sayda hərbi qüvvə hazır vəziyyətdə gözləməkdədir.


Rusiyanın Azərbaycana qarşı təzyiq göstərmək və ölkəmizlə bağlı hansısa planlarını reallaşdırmaq üçün daha bir məkrli planı üzə çıxıb. Məlum olub ki, Moskvada bu ilin sentyabrında bir qrup nüfuzlu azərbaycanlı oliqarxın bir araya gəlməsinin ardınca 90-cı illərin əvvəllərində Azərbaycan ərazisində terror hücumları həyata keçirən separatçı “Sadval” hərəkatı da “xortlayıb”. Maraqlıdır ki, “Sadval”ın təsis konfransı sentyabrda olsa da hərəkatın yenidən fəaliyyətə başladığı haqda xəbərlər ləzgi KİV-ləri tərəfindən ancaq bugünlərdə yayılıb. Şimali Qafqazda mənzillənən “Kavkazskaya politika” saytı “Sadval” hərəkatının bərpası ilə bağlı geniş material dərc edib. Saytın məqaləsində deyilir: “Rəsmi Bakının ən dəhşətli gecə yuxularından biri gerçəkləşir.

Sentyabrın sonlarında Dağıstanda post-sovet məkanında ən faciəvi ictimai layihələrdən biri bərpa edilib. Söhbət Ləzgi Milli Hərəkatı ”Sadval"dan gedir".

***

Sayt qeyd edir ki, Rusiyada bu hadisəyə xüsusi əhəmiyyət verməyiblər. Azərbaycan hakimiyyətində isə bu xəbər ildırım sürəti ilə yayılıb. Çünki Azərbaycanın müstəqillik əldə etməsindən bu yana “Sadval” rəsmi Bakı tərəfindən gənc dövlətə ən ciddi təhdidlərdən biri kimi qəbul olunurdu. Xatırladılır ki, bu hərəkatın fəalları 90-cı illərin ortalarında Bakı metrosunda terror aktı törətməkdə, erməni xüsusi xidmət orqanlarına əməkdaşlıq etməkdə və digər əməllərdə ittiham olunublar. Təşkilatın ölkə ərazisində fəaliyyəti qadağan olunub. “İndi isə belə görünür ki, Bakı üçün ləzgi təhlükəsi ilə mübarizənin yeni mərhələsi başlayır”-deyə, məqalədə bildirilir.

***

Bildirilir ki, “Sadval”ın xortlaması birdən-birə baş verməyib və Rusiya buna neçə vaxtdır hazırlıq görürdü. Belə ki, bu il iyun ayının 18-də Moskvada “President Hotel”in binasında “Rusiya və Azərbaycan sərhədləri ilə ayrılan ləzgi və avar xalqlarının hüquqları” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransa rəsmi Moskvanın dəstək verdiyi məlumdur. Həmin konfrans Azərbaycanda hökumətyönlü KİV-lər tərəfindən “separatçılığın qızışdırılması və ölkənin ərazi bütövlüyünün təhdid edilməsi” kimi reaksiya verilib. Daha sonra iyulun 20-də Mahaçqalada ləzgi ictimaiyyəti nümayəndələrinin toplantısı olub. Toplantıda müzakirə edilən əsas məsələ Dağıstanın yerli qanunvericliliyi və Rusiya qanunları əsasında ləzgi xalqlarının maraqlarının və hüquqlarının qorunması idi. Toplantıda müxtəlif ləzgi təşkilatlarını təmsil edən 39 nümayəndə, o cümlədən “Hacı Davud” regional hərəkatının, “Ləzgilər” fondunun, Ləzgi Xalqları Ağsaqqalları Şurasının, habelə Azərbaycanın Xaçmaz rayonu ərazisində yerləşən, 2010-cu ildə sərhədlərin delimitasiyasına dair dövlətlərarası müqavilə əsasında Azərbaycanın tərkibinə verilən ləzgi kəndləri Xrax-Oba və Uryan-Obanın təmsilçiləri iştirak edib. Lakin sayt yazır ki, həmin qapalı toplantıda məqsəd əslində “Sadval”ın bərpası olub.

***

Hərəkat sentyabrın 21-də Mahaçqalada qapalı konfransda yenidən təsis olunub, ancaq ləzgi KİV-ləri “Sadval”ın təsis olunması barədə bu yaxınlarda xəbər yayıblar. (Olduqca ilgincdir ki, mətbuatda “Milyarderlər ittifaqı” adı alan, Rusiyadakı bir çox nüfuzlu azərbaycanlı milyarderlərin və oliqarxların birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı ilə təxminən eyni vaxtda təsis olunub-red). “Sadval”ın sədri bu hərəkatın keçmiş fəallarından Nazim Hacıyev seçilib. Bildirilir ki, N.Hacıyev Dağıstanın cənubundakı məşhur ləzgi kəndi Kuruşun sakinidir. 1961-ci ildə Dağıstan mexanika texnikumunda oxuyarkən ləzgi xalqlarının birləşməsi ideyası ətrafında təbliğata başlayıb. 1967-ci ildə gizli fəaliyyət göstərən “Ləzgi muxtar respublikası” yaradıb, bu gizli təşkilat 1976-cı ilə qədər fəaliyyətdə olub. 90-cı illərin əvvəllərində N.Hacıyev “Sadval” separatçı hərəkatının idarə heyətinin üzvü seçilib, eyni zamanda Qafqaz Xalqları Konfransının İdarə Heyətinin üzvü olub. Qafqazdakı münaqişə ocaqlarında tez-tez görünüb.

***

“Kavkazskaya politika” saytı “Sadval”ın yeni rəhbərliyindən müsahibə almağa müvəffəq olub. N.Hacıyev sayta deyib ki, “Sadval”ın əsas məqsədi ləzgiləri birləşdirməkdir: “Biz istəyirik ki, ləzgilər Rusiyada və Azərbaycanda yaşayan digər xalqlarla eyni hüquqlara malik olsunlar”. Onun sözlərinə görə, xüsusən Azərbaycanda ləzgilərin və ləzgidilli xalqların hüquqlarını müdafiə edəcəklər, onların digər xalqlarla eyni hüquqlara malik olmasına nail olmağa çalışacaqlar. “Biz burada Dağıstanda qardaş xalqlarıq. Dağıstan hökuməti insanların həyatını yaxşılaşdırmaq üçün nəsə etməyə çalışır, ancaq həmişə buna müvəffəq olmur. Mən görürəm ki, bizdə gənc rəhbərlik var, lakin Azərbaycanla anlaşmaq onların gücündə deyil”-deyə, separatçı təşkilatın yeni rəhbəri bildirib. N.Haciyev daha sonra Azərbaycanda “ləzgilərin hüquqlarının pozulmasından” danışıb, ləzgi dilində məktəblərin, radio və televiziyanın olmadığını bildirib. Ləzgilərin assimilyasiyaya məruz qaldığını iddia edib. “Ləzgidilli xalqları artıq azərbaycanlı kimi siyahıya alırlar. Bu siyasət Azərbaycanda digər xalqlara-talışlara, kürdlərə, avarlara qarşı də həyata keçirilir”-deyə, “Sadval” rəhbəri bildirib. Lakin N.Hacıyev deyib ki, “Sadval”ın Azərbaycanda yenidən fəaliyyətə başlayıb-başlamayacağı “böyük sual”dır. “Rusiyada isə biz böyük dəstək görürük, xalq bizi dəstəkləyir. Mən Rusiya hakimiyyətinin də bizi dəstəkləməməsi üçün heç bir səbəb görmürəm. Biz ancaq konstitusiya və qanunlar çərçivəsində işləyəcəyik”-deyə o əlavə edib.

***

Rusiyadakı Federal ləzgi milli-muxtariyyətinin prezidenti Arif Kərimov da sayta açıqlamasında “Sadval”ın bərpasını alqışladığını deyib. Onun iddiasına görə, ləzgilər Azərbaycanda saylarına görə ikinci xalqdır, ancaq azsaylı etnik qrup hesab edilir. “Rusiya və Azərbaycanın sərhədyanı rayonları arasında əməkdaşlıq yaratmaq lazımdır, təhsili inkişaf etdirmək, ləzgi məktəblərini dərsliklərlə təmin etmək vacibdir. Ümid edirəm ki, ”Sadval" bu istiqamətdə fəaliyyət göstərəcək" deyə A.Kərimov bildirib. Onun fikrincə, ləzgi xalqının problemini Rusiya hakimiyyəti ilə əməkdaşlıq şəraitində həll etmək lazımdır. Azərbaycanda ”Sadval"ın bərpasına reaksiya mənfi olacaq. Hücumlar, onun üzvlərinə qarşı ittihamlar başlayacaq, onları Rusiya, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edəcəklər. Yəqin ki, Azərbaycan KİV-lərində də neqativ reaksiyalar başlayacaq. Çünki ləzgiləri orada dövlətçiliyə təhlükə hesab edirlər"-deyə, A.Kərimov əlavə edib.

***

Digər ləzgi təşkilatı, “Hacı Davud” regional ictimai birliyinin sədri Nadir Əhmədov isə “Sadval”ın bərpasının aktuallıq kəsb etmədiyini deyir. O xatırladır ki, 90-cı illərdə bu hərəkat özünü doğrultmadı. “Öz adını nüfuzdan saldı, əhali arasında ”Sadval" mənfi qəbul olunur. Hesab edirəm ki, Dağıstan hakimiyyəti də bundan sevinmir. Dağıstanda tək “Sadval” adını çəkmək çoxlu neqativlərə səbəb olur. Bu hərəkatda əsasən təxribatçılar cəmləşib"- deyə o bildirib.
N.Əhmədov şübhə etmir ki, “Sadval”ın bərpası kiminsə sifarişidir: “Lakin məsələ bundadır ki, kimin sifarişidir? Beynəlxalq siyahılarda onu terrorçu təşkilat hesab edirlər. Bilmirəm ki, Rusiya hakimiyyəti buna necə reaksiya verəcək, təbii ki, sifarişi o verməyibsə”. N.Əhmədova görək, “Sadval” ona görə bərpa edilib ki, yenidən ləzgi kartı işə salınsın: “Azərbaycan hakimiyyəti də bunu gözəl bilir və hadisələrin kursundadır. Çünki bu təşkilatın üzvlərinin yarısı ona işləyir. Əlbəttə, onlar ləzgi kartından istifadə edə bilərlər və təbii ki, bundan qəzəblənənlər olacaq. Lakin bu böyük oyundur”. “Kavkazskaya politika” qeyd edir ki, N.Əhmədov və onun təşkilatı “Sadval”çılarla münaqişədədir. Baxmayaraq ki, o özü də keçmiş “Sadval”çıdır və 90-cı illərin ortalarında bu təşkilatda olub. N.Əhmədov deyib ki, ləzgilərin hüquqları və birləşməsi uğrunda onun təşkilatı daha düzgün yoldadır. “Allahın köməyi ilə biz təkcə Dağıstanın cənubunda deyil, Azərbaycanın şimalında da ləzgi rayonlarında gənclərlə işləməyə hazırlaşırıq”- deyə, o bildirib.

***

Beləliklə, 2012-ci illərin əvvəllərindən, yəni Vladimir Putinin Rusiyada yenidən hakimiyyət başına qayıtmasından sonra şimaldan Azərbaycana qarşı istiqamətlənən zəncirvari proses böyüyür. Birbaşa Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının sifarişi ilə “Sadval” hərəkatı xortlayır və olduqca ilgincdir ki, separatçı hərəkat məhz “Milyarderlər ittifaqı” ilə eyni vaxtda-bir neçə gün fasilə ilə meydana çıxır. Təbii ki, bu iki təşkilatlanma arasında birbaşa əlaqə yoxdur, ancaq “Milyarderlər ittifaqı” Bakıda Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının Azərbaycanla bağlı hansısa məkrli planlarını həyata keçirməyə yönələn ittifaq kimi qarşılandı. Hakimiyyət çevrələri bu ittifaqdan narahatlıq və narazılıq ifadə etməkdədir. Və “Sadval”ın bərpası bir daha göstərir ki, şimal istiqamətindən baş verənlərin hamısı bir-biri ilə əlaqəlidir və Kremlin Azərbaycana dair çox ciddi, eyni zamanda məkrli və təhlükəli planlarından xəbər verir. Bu plan hakimiyyəti hansısa güzəştlərə məcbur etmək üçündür və belə görünür ki, həm də gələnilki seçkilərlə əlaqəlidir. Zəncirin bir həlqəsi də Rusiyanın müəmmalı şəkildə bu ilin yayından etibarən Dağıstanın Azərbaycanla həmsərhəd rayonlarına, meşəlik ərazilərə böyük sayda hərbi qüvvə və texnika cəmləşdirməsidir. Həmin qoşun cəmləşməsi ilə bağlı “Yeni Müsavat” Rusiya və Dağıstan mənbələrinə istinadən geniş yazıb. Mövzunu davam etdirəcəyik.

Siyasət şöbəsi

1 Ekim 2012 Pazartesi

ATAM İRŞAD KƏRBƏLAYİ MİKAYIL MƏHƏMMƏD OĞLU ƏLİYEV


Atam İrşad Kərbəlayi Mikayıl Məhəmməd oğlu Əliyev Ağdamın, Qarabağın sayılıb - seçilən ağsaqqallarından biri idi. Uzun müddət dövlət orqanlarında çalışmışdı. İnsanların indi də bu şəxsi sevməsi, adı çəkiləndə min rəhmət oxuması səbəbsiz deyil. Qoy patriarxal deyilsin, köhnəlmiş deyilsin, amma bu ağsaqqalın ailəsinin, onun doğulduğu Sarıhacılı kəndinin, yaşadığı Ağdam şəhərinin öz əxlaq qanunları var idi. Bizim gücümüz bu yazılmamış qanunlardaydı. Böyüyə, ata - anaya ehtiram, sitayiş dərəcəsinə çatan vətən sevgisi bu əxlaqın bünövrəsi idi.
Daha çox...
www.realistadilaz.blogcu.com

30 Eylül 2012 Pazar

MƏNİM QAÇQIN ANAM BAKIDA ÖLDÜ

(QEYD : Vaxtilə Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsində uzun müddət kafedra müdiri işləmiş, şair- publisist, professor Famil Mehdinin öz anasına xitabən yazdığı bu şeyir Qarabağdan qovularaq məcburi köçkünə çevrilmiş bütün insanların ürəyindən gələn sözləri ifadə edir).

Mənim qaçqın anam Bakıda öldü,
Öldü " Ağdam " deyə, " Qarabağ " deyə,
Bakı da həmin o Bakı deyildi,
Bəs niyə yanmadı qara bəxtliyə?!

Əlimi qoymuşdu döşünün üstdə,
Ürəyi şişirdi, bişirdi, Allah.
Əlimin altında, o dar qəfəsdə,
Ürəyi sinəsin deşirdi, Allah.

Elə bil qoşulub axar bir çaya,
Axır yavaş - yavaş axırdı anam.
Mən sığal çəkdikcə o ağ birçəyə,
Necə yazıq - yazıq baxırdı anam.

Hardasan Dəlidağ, Qırxqızın qarı,
Hardasan ey Kötəl ? - Anam yanırdı.
Hərdən uzanırdı ana qolları,
Qollar uzandıqca yol uzanırdı.

Qəfil göy kişnəyir, dağ yarılırdı,
Qayalar kəsirdi yolları sanki.
Yollar bağlanırdı, qol qırılırdı,
Güllələr biçirdi qolları sanki.

Qəm yemə, ey sarvan, göydən od tökə,
Səhrada köç gedə, köçün çatmaya.
Dünyada ən böyük dərd budur, bəlkə,
Anan ölüb, gedə, gücün çatmaya.

Allaha yalvardım : ya Pərvərdigar,
Möhlət ver anama yurda dönüncə.
Adilsən, qadirsən, de, nə fərqi var,
Qoy yurdunda ölsün burda ölüncə.

Bir az din - imandan avara qaldım,
Verən belə verdi dərsimi, neynim.
Allaha yalvara - yalvara qaldım,
Allah eşitmədi səsimi neynim.

Ortada qat kəsən qardaş paltarı,
Qırx il qardaş deyib şivən qopardı.
Qismətdi, öləndə Bakıda barı
Qardaşa qovuşmaq imkanı vardı.

Anamı qınama "Vətən Vətəndir".
Bunu kişi bilir, naşı bilməyir.
"Vətən", "Vətən" deyib yüz il ötən də,
Bəlkə Vətən nədir yaxşı bilməyir.

Bəli, torpaq çəkdi, qardaş çəkmədi.
Dedi : bir abırlı yas tutarsınız.
Ölüm yaman yerdə məni təklədi,
Aparıb yurdumda basdırarsınız.

Ölür, Vətən deyir, yurd deyir anam,
Yurd düşmən əlində, Vətən dərddədir.
Bəlkə, haray çəkim: ay dad, ay aman,
Bu millət hardadır, bu xalq hardadır?!

Məni də aparar bu dərd nə vaxtsa,
Bu ahıl dünyada, nağıl dünyada.
Ana vəsiyyəti qarsılacaqsa,
Haqqı yox yaşaya oğul dünyada.

Tanrı, bu nə işdi, gedişdi, tanrı,
Hökmün nə tez belə dəyişdi, tanrı?
Tapdayıb, adlayıb cəsədlər üstdən
Kürsülər qapanı öldürməliykən,
Var - dövlət tapanı öldürməliykən,
Şuşanı satanı öldürməliykən,
Laçını satanı öldürməliykən,
Ağdamı satanı öldürməliykən,
Anamı öldürdün - əydin, əyildim,
Bəs sən adil idin, zalim deyildin?!

Soruşma halını gözü yaşlının,
Sevinc hamınındı, dərd çəkənindi.
Oğluna sığınan gözəl qaçqınım,
Məzara sığınıb uyuyur indi.

Sonuncu qaçqın da bu yer üzündə,
Doğma od - ocağa qayıtsa belə,
Qaçqın ürəyində, qaçqın gözündə,
Sərvlər göyərib boy atsa belə,
Mənim sərvlərim boy atmayacaq,
Mənim qaçqın anam qayıtmayacaq,
Mənim köçkün anam qayıtmayacaq,
Mənim küskün anam qayıtmayacaq.

*****

QARABAĞ HƏSRƏTİYLƏ DÖYÜNƏN ÜRƏK

Azərbaycan təhsilinin, elminin və riyaziyyatının tanınmış nümayəndələrindən biri olan Qənirə Rüstəm qızı Rüstəmova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Onun elmi - pedaqoji fəaliyyəti çox geniş, əhatəli və rəngarəng olmuşdur.



Qənirə Rüstəmova vaxtilə Ağdam şəhərində fəaliyyət göstərən Müəllimlər İnstitutunun fizika - riyaziyyat fakültəsini bitirmişdir. Onun dərs yükü daim çox olmuşdur. Bu da ondan irəli gəlmişdi ki, Qənirə müəllimə çalışdığı orta məktəbin - Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbin hər iki bölməsində - Azərbaycan və rus bölməsində dərs demişdir. Azərbaycan Təhsil Nazirliyinin əmri ilə sonradan həmin məktəbin rus bölməsi ayrılaraq Ağdam şəhər 7 saylı orta məktəbə çevrilmiş və sərbəst fəaliyyət göstərmişdir. Qənirə Rüstəm qızı Rüstəmova yataq xəstəsi olanadək Ağdam şəhər 7 saylı orta məktəbdə fizika - riyaziyyat müəlliməsi işləmişdir. Qənirə müəllimənin özünəməxsus pedaqoji fəaliyyətini nəzərə alaraq Təhsil Nazirliyi onu dəfələrlə Bakı şəhərinə dəvət etmiş və ixtisasına uyğun kurslarda biliyini təkmilləşdirməyə şərait yaratmışdır. O, 1986 - cı ildə müəllimlər arasında keçirilən bilik müsabiqəsində yüksək bal toplamış, yaşadığı Ağdamın və çalışdığı kollektivin nüfuzunu artırmışdır. 55 ildən çox iş stajı olan Qənirə Rüstəm qızı Rüstəmova dəfələrlə fəxri fərmanla mükafatlandırılmış və 1973 - cü ildə xüsusi medalla təltif edilmişdir. O, şagirdlərinin və onların valideynlərinin, həmçinin xalqınin ürəyində əməkdar müəllim kimi əbədi yer qazanmışdı. Qənirə müəllimənin şagirdlərinin sorağı Amerika Birləşmiş Ştatlarından, Türkiyədən, Almaniyadan, Fransadan, Polşadan, Hollandiyadan, İsveçdən, Baltik ölkələrindən, Rusiyadan, Ərəb ölkələrindən, Afrikadan, Türkdilli respublikalardan gəlir.
Daim xalqının sevincinə sevinən, kədərini öz içindən yana - yana keçirən, millətinin haqq sözünü deməyi bacaran mərd insan - Qənirə Rüstəm qızı Rüstəmova dözülməz Qarabağ həsrətiylə ünvanını dəyişdi, əbədiyyətə qovuşdu. Allah qəni - qəni rəhmət eləsin ! Amin...

(Doğum tarixi : 30.12.1932. - Ölüm tarixi : 27. 09. 2012).

İş yoldaşları adından bir qrup.




26 Eylül 2012 Çarşamba

VAŞİNQTON BÜTÖV AZƏRBAYCANIN XƏRİTƏSİNİ TƏQDİM ETDİ





“The New York Times” iki Azərbaycanın birləşəcəyi haqqında yazdı
Zəfər Quliyev: “Qərb Güney Azərbaycandakı soydaşlarımıza mesaj verir ki...”



ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində Böyük Azərbaycan haqda yazı dərc olunub. Müəlliflər Frank Cacobs və Parag Khannanın hazırladığı məqalədə XXI əsrin siyasi xəritəsində yeni dəyişikliklər olacağı ehtimalının yüksək olduğu bildirilir: “Bugünlər daha bir neçə yeni dövlətin doğulması bu dalğanın başlamasına bənzəyir. Bu dəfə yeni dövlətlər Sovetlər Birliyinin dağılmasında olduğu kimi, hansısa siyasi dəyişiklik və ya münaqişə nəticəsində yaranana oxşamır.

Görünür, yeni dövlətlər həm də konkret bir spesifik regionda meydana gəlməyəcəklər. İranın regionda dominantlıq etmək potensialı olsa da, onun daxildən partlama riski də yüksəkdir. İndiki rejim zorakılıqla süquta uğrasa, İranın şimalında 20 milyonluq azərbaycanlı əhalisi ilə mərkəzi Təbriz olan yeni dövlət yarana bilər. Bu da artıq müstəqil olan Azərbaycan Respublikası ilə birləşərək, hətta indiki Türkiyədən də təsirli yeni regional gücün meydana çıxması deməkdir”.

Qəzet yazır ki, Bütöv Azərbaycan dövlətinin yaranması eyni zamanda Ermənistanın Dağlıq Qarabağ ərazilərinə iddialarını çətin vəziyyətə sala bilər: “Konqresmen Dana Rohrabacherin də sentyabrın 12-də ABŞ-ın Nümayəndələr Palatasına İranda yaşayan azərbaycanlıların öz müqəddəratlarını təyinetmə hüquqlarının tanınması barədə qətnamə layihəsi təqdim edib. Amma İran rəsmiləri hələlik bu mövzuda hər hansı şərh verməyib”.

“The New York Times”da təkcə İranda deyil, dünyanın başqa yerlərində də yaxınlarda yeni dövlətlərin meydana çıxacağı barədə ehtimallar səslənib. Bu sırada Kürdüstan dövlətinin də adı çəkilir: “ABŞ qüvvələrinin bölgədən çəkilməsi, İranın qərbində və İraqdakı gərginlik, eləcə də Suriyadakı vətəndaş müharibəsi I Dünya müharibəsindən sonrakı Yaxın Şərq xəritəsinin tamamilə yenidən çəkilməsilə nəticələnə bilər. Kürdlərin 3000 illik tarixlərində müstəqil kürd dövlətinin yaranması imkanı heç vaxt indiki qədər real olmayıb”.

Qəzet Quzey və Güney Koreyanın birləşməsi məsələsini də real sayır.

Şərti adlandırsaq Quzey Azərbaycan və Güney Azərbaycanın birləşməsi uğrunda bu torpaqlarda yaşayan türk əhali əsrlərdir mübarizə aparır. XVIII əsrin başlanğıcında Rusiya və İran imperiyaları arasında bölünən ərazidə yaşayan əhali birləşmək üçün bir neçə dəfə inqilabi şərait yarada bilib. Ancaq bölgədəki geosiyasi durum və uzun illər bu zəngin torpaqlara hökmranlıq edən imperiyalar buna imkan verməyib. Qərb analitiklərinin fikrincə, Araz çayı boyu bölünən Azərbaycanın bütövləşməsi prosesi öz məntiqi sonuna heç zaman indiki qədər yaxın olmayıb. Təbii, söhbət ərazidə maraqları olan böyük dövlətlərin bu məsələyə müsbət yanaşmasından gedir.

Son bir neçə ildə ABŞ-ın Şərqlə bağlı siyasətində əsas prioritetlərindən biri İrandakı hakimiyyəti dəyişməkdir. Qərbin bir sıra analitikləri İranda mərkəzdənqaçma meyllərinin ölkə daxilindən stimillaşdırılmasını vacib sayır. Çünki yetərincə qapalı dövlət olan İranda hakimiyyəti kənar müdaxilələrlə dəyişmək xeyli vaxt apara bilər. İran qaynaqları isə dəfələrlə Qərbi İranda hakimiyyəti devirmək üzrə gizli planlar qurmaqda və bu işə külli miqdarda vəsait ayırmaqda suçlayıb.

Bəs Quzey Azərbaycanda ABŞ-ın Bütöv Azərbaycan ideyasını nə qədər real sayırlar? Politoloq Zəfər Quliyev deyir ki, ideyanın dünyanın siyasi gündəminə gəlməsi artıq onun həyata keçirilmə mexanizmləri haqqında ciddi şəkildə düşünüldüyündən xəbər verir: “Qərbin Azərbaycan amilindən İrana qarşı istifadə etmək istəkləri birmənalıdır. Bu yolla İranda ciddi siyasi dəyişikliklər baş versə və İran parçalansa, o zaman Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi üçün heç bir əngəl olmayacaq. Təxminən 20 il öncə SSRİ dağılan zaman Quzey Azərbaycanda dəfələrə bu çağırışlar olub. Ancaq Azərbaycan siyasətçilərinin, ziyalılarının qaldırdığı bu problemi dünyanın siyasi gündəminə daxil etmək mümkün olmurdu. Elə ona görə də İrandakı son prezident seçkilərində vətəndaşlar rejimə qarşı mübarizəyə qalxanda ölkənin ən fəal kəsimi olan türklər bu prosesə qoşulmadı. Bizim Güneydəki qardaşlarımızın etirazçılara fəal dəstək verməməsi bir tərəfdən olduqca doğru addım idi. Çünki onlar gördülər ki, Güney Azərbaycan məsələsi hələlik iri dövlətlərin siyasi gündəmində yoxdur. Ancaq onlar İranın ən fəal təbəqəsi olaraq qalmaqdadırlar. Ölkədəki bütün inqilabi proseslər Azərbaycan türklərinin fəal iştirakı ilə mümkün olub”.

Politoloq prosesin 2013-cü ilin iyununda gözlənilən prezident seçkisi zamanı fəallaşacağını proqnozlaşdırır. Onun sözlərinə görə, durum artıq yavaş-yavaş dəyişməkdədir: “Əgər həmin vaxt əhali fəal etiraz aksiyalarına başlasa, proseslər İransayağı narıncı inqilab kontekstində gedəcək. Narıncı inqilab çox sərt formada qanla müşayiət oluna bilər. Çünki ölkədəki rejimin mahiyyətinə görə orada dəyişikliklərin dinc aksiyalar nəticəsində baş verəcəyini gözləmək mümkün deyil. Qərbin Güney Azərbaycan məsələsini tez-tez səsləndirməsində, diskussiyalar təşkil etməsində də düşünürəm ki, iki məqsəd var - birincisi, İrana təzyiq göstərilməsi, ikincisi Güney Azərbaycandakı qardaşlarımıza mesaj verilməsi. Qərb Güney Azərbaycandakı soydaşlarımızı əmin etməyə çalışır ki, uzun illər altında əzildikləri Tehran rejimindən qurtula, öz müqəddəratları ilə bağlı qərar vermə hüququnu əldə edə bilərlər. Təbii, bu, çox vacib amildir. Onlar öz real siyasi dividentlərini bilməlidirlər ki, mübarizəyə qalxsınlar”.

Ərazinin geosiyasi durumunu incələyən politoloq bildirir ki, hələlik Vahid Azərbaycan haqqında danışmaq tez olsa da, Azərbaycanın bütövləşməsi ideyasının gündəmə gəlməsi artıq reallıqdır.

Aygün MURADXANLI